Hər tədris ilinin əvvəlində summativlərin keçirilməsi üçün tələb olunan materialların çapına görə bütün siniflərdən pul yığılır.
Yurd.Media xəbər verir ki, bunu Abşeron rayonunun Masazır kəndində yerləşən 3 nömrəli tam orta məktəb şagirdlərinin valideynləri bildirir.
"Xəzər Xəbər"ə danışan sakinlər "summativ pulu" yığıldığı iddia edərək bildirirlər ki, qiymətlər siniflərə görə dəyişir - aşağı siniflərdən 5 manat, yuxarı siniflərdən isə 10 manat tələb olunur.
Valideynlər və şagirdlər bu praktikanın artıq ənənəyə çevrildiyini bildirirlər.
Əraziyə gedən çəkiliş qrupu valideynlərlə yanaşı, şagirdlərlə də söhbətləşib. Şagirdlərdən bəziləri toplanılan vəsaitdən təngə gəldiklərini deyiblər. Hətta pulu verməyən şagirdlərin müəllimlər tərəfindən təhdid edildiyini iddia edənlər də olub.
Məsələ ilə bağlı məktəbin riyaziyyat-informatika müəllimi Vidadi Ədilov iddiaların əsassız olduğunu bildirib. Lakin məktəb rəhbərliyindən mövzu ilə bağlı mövqe öyrənmək mümkün olmayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: