SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Lerikdə məktəblilər narkomaniyanın təhlükələri barədə məlumatlandırılıb

Lerikdə məktəblilər narkomaniyanın təhlükələri barədə məlumatlandırılıb

  • 30 sentyabr 2025, 15:46
Lerik

Lerik rayonunda məktəblilər üçün narkomaniyanın fəsadlarına həsr olunmuş maarifləndirici seminar təşkil edilib.

30 sentyabr 2025-ci il tarixində “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin keçirdiyi tədbir “Narkotikə yox deyək!” mövzusuna həsr olunub. Görüşün məqsədi yeniyetmələr arasında narkotik vasitələrin yaratdığı təhlükələr barədə məlumatlılığı artırmaq, sağlam həyat tərzini təşviq etmək və şagirdləri zərərli vərdişlərdən qorumaq olub.

Seminarda narkotik asılılığının insanın fiziki və psixoloji sağlamlığına, təhsilinə, ailə və sosial münasibətlərinə mənfi təsirləri barədə danışılıb. Bildirilib ki, narkomaniyanın qarşısının alınmasında yeniyetmələrin vaxtında və düzgün məlumatlandırılması mühüm əhəmiyyət daşıyır.

Şagirdlərə narkotik vasitələrdən istifadənin doğurduğu fəsadlar, asılılığın yaranma səbəbləri və riskli vəziyyətlərdən uzaq durmağın yolları izah olunub. Onlara asudə vaxtlarını faydalı keçirmək, idmanla məşğul olmaq və sağlam həyat tərzinə üstünlük vermək tövsiyə edilib.

Tədbir zamanı məktəblilərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələrə diqqət çəkilib və gənclərin bu istiqamətdə maarifləndirilməsinin vacibliyi vurğulanıb.

Sonda şagirdlərə narkotik vasitələrdən uzaq durmaq, sağlam seçimlər etmək və gələcəklərini zərərli vərdişlərin təsirindən qorumaqla bağlı çağırışlar səsləndirilib.

Skat.az - Ev və Avtomobil elanları