SÜJET
İncəsənət Gimnaziyasında təhsil alan şagirdlərin valideynləri məktəbin bir ildən artıq müddətdir təmir səbəbilə bağlı qalmasından narazıdırlar. Onlar övladlarının yaradıcı inkişafının ləngidiyini bildirirlər və məsələ ilə bağlı təcili tədbir görülməsini tələb edirlər.
Yurd.Media xəbər verir ki, valideynlər övladlarının rəqs və rəsm kimi praktiki dərsləri onlayn şəkildə mənimsəməkdə çətinlik çəkdiklərini bildiriblər.
Onların sözlərinə görə, məktəb əsasən incəsənət sahəsində ixtisaslaşdığı üçün bu dərslərin distant şəkildə keçirilməsi effektiv deyil.
Valideynlər məktəbin ya tezliklə açılmasını, ya da onun profili ilə uyğun fəaliyyət göstərən alternativ bir məktəb təqdim olunmasını istəyirlər.
"Biz uşaqlarımızı bu məktəbə qoyanda bilirdik ki, onlar saat 9:00-dan 18:00-dək ixtisaslı təhsil alacaqlar. Hazırda isə 189 və 190 nömrəli məktəblərə yönləndirilmişik. Orada dərslər yalnız günorta keçirilir və ixtisas dərsləri ya onlayndır, ya da ümumiyyətlə keçirilmir", – deyə valideynlər bildiriblər.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) müraciət edən "Baku TV" yə verilən açıqlamada qeyd olunub ki, Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binasının bərpa və gücləndirilməsi layihəsinin təkmilləşdirilməsi artıq başa çatıb. Hazırlanmış sənədlər aidiyyəti üzrə təqdim olunub və yenilənmiş layihə üzrə əsaslı təmir-bərpa işləri müvafiq qaydada davam etdirilir.