SÜJET
Təhsil sistemində baş verən son ifşalar, xüsusilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat nəticəsində aşkara çıxarılan imtahan fırıldaqları bu sahədə mövcud olan həm texniki həm struktur problemlərini ortaya çıxarır. Mütəxəssislər hesab edirlər ki, məsələ yalnız fərdi cinayət hadisəsi yox, ümumi təhsil modelinin səmərəliliyi və cəmiyyətin təhsilə yanaşması ilə sıx bağlıdır.
Yurd.Media-ya açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu cür fırıldaqlar sistemin ümumi problemlərindən qaynaqlanır və problemin kökü daha dərinə gedir.
“Texniki yox, sistemli problem var”
Ekspertin sözlərinə görə, DTX-nın ifşa etdiyi fırıldaq şəbəkəsi təhsil sistemindəki iki əsas boşluğun nəticəsidir:
"Birincisi, nəzarət mexanizmlərinin texnoloji və metodoloji cəhətdən zəifliyi, ikincisi isə məktəbdənkənar, kommersiya yönümlü kursların real tədris prosesini əvəz etməyə başlamasıdır. Bir çox məktəbdə dərs formal xarakter daşıyır. Şagirdlər akademik hazırlığını məktəbdə deyil, ödənişli kurslarda formalaşdırır. Bu isə şagirdin müəllimə deyil, texniki nəticəyə güvənməsinə gətirib çıxarır. DTX-nın bu cür cinayətkar fəaliyyətləri aşkarlaması bu boşluqları kompensasiya edən hüquqi reaksiyadır”.
Kamran Əsədov bildirib ki, imtahanda texniki fırıldaqla uğur qazananların olması minlərlə vicdanla hazırlaşan gəncin əziyyətini kölgədə qoyur:
“Bu hal təhsildə ədalət prinsipini ciddi zədələyir. Nəticədə sistemə inam sarsılır və insanlar hüquqi deyil, alternativ yollarla nəticə əldə etməyə çalışırlar. Bu, gələcəkdə daha geniş korrupsiyalaşma riskini artırır. DTX-nın ifşaedici əməliyyatı bu baxımdan həm hüquqi, həm də mənəvi təmizlənmədir”.
“Düşüncə əsaslı qiymətləndirmə tətbiq edilməlidir”
Ekspertin sözlərinə görə, bu riski azaltmaq üçün Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi daha geniş və dərin yanaşma sərgiləməlidir.
Kamran Əsədov vurğulayır ki, məsələ təkcə texniki nəzarət deyil:
“İmtahan formatları dəyişməli, test deyil, bacarıq və düşüncə əsaslı qiymətləndirmə tətbiq edilməlidir. Giriş prosesində çoxqatlı yoxlama, texnoloji siqnal pozucular və müasir skanerlər vasitəsilə fırıldaq imkanları minimuma endirilməlidir”.
Ekspert bildirir ki, bu problemin səbəbi texnologiya deyil, nəticəyə yüklənmiş ictimai təzyiqdir:
“Bal mərkəzli sistemdə şagird uğuru həyat məsələsinə çevirir. Bu isə psixoloji təzyiqi artırır və texniki fırıldaqları haqlılaşdırmağa gətirib çıxarır. Prosesin özü əsas götürülsə, məktəb qiymətləndirməsi qəbulda rol oynasa, bu təhlükəli tendensiyanın qarşısı alına bilər”.
“Məktəblər təhsil ocağına çevrilməlidir”
Ekspertin sözlərinə görə, bu vəziyyətin qarşısı yalnız inzibati tədbirlərlə deyil, məktəbdaxili islahatlarla alınmalıdır:
“Müəllim real nəticə verən şəxsə çevrilməli, təhsil layihə əsaslı və praktiki bacarıqlara söykənməlidir. Yalnız test həll etməklə deyil, anlam və yaradıcılıq qabiliyyəti ilə öyrənmək təşviq edilməlidir. DTX-nın fəaliyyəti məktəblər üçün də xəbərdarlıqdır: profilaktika məktəbdən başlamalıdır”.
Ekspert yekun olaraq qeyd edir ki, DTX-nın ifşa etdiyi şəbəkə hüquqi tədbirdən daha çox təhsil sisteminə siqnal və xəbərdarlıqdır:
“Prezident İlham Əliyevin təhsilə göstərdiyi siyasi iradə şəffaflıq və obyektivliyin təminatıdır. Amma bu iradəni islahata çevirmək Elm və Təhsil Nazirliyinin üzərinə düşür. Əks halda boşluq daha böyük sosial və mənəvi deqradasiyaya yol aça bilər. Təhsil sadəcə bal deyil, cəmiyyətin mənəvi sütunudur – və bu sütunlar hüquqla yanaşı, ədalətli sistemlə də qorunmalıdır”.