 
 
            Bakının Yasamal rayonunda Abbas Mirzə Şərifzadə küçəsi ilə Akim Abbasov küçələrinin kəsişməsində təxminən bir ay əvvəl aparılan qazıntı işləri nəticəsində yolda yaranan problem nəqliyyatın hərəkətini çətinləşdirir və qəza riskini artırır.
Yurd.Media xəbər verir ki, ərazidə boruların təmiri üçün qazıntı aparıldıqdan sonra yola yalnız bir qat asfalt vurulub. Nəticədə qazılmış hissə ilə yolun digər hissəsi arasında səviyyə fərqi yaranıb.
Sürücülər bildirirlər ki, bu vəziyyət həm nəqliyyat vasitələrinə, həm də piyadalara problem yaradır:
“Maşına ziyan verir, “perodok” tökülür, piyadalara mane olur, gecə görünmür, pik saatlarda tıxaca səbəb olur".
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbərə” bildirilib ki, işlər inşaat norma və qaydalara uyğun şəkildə aparılıb. Qurumdan qeyd olunub ki, əvvəlcə hamarlayıcı qat vurulub və ərazidə təbii çökmə müşahidə olunduqdan sonra yekun asfaltlama işləri həyata keçiriləcək.