Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən 75 nömrəli binanın sakinləri liftlərin nasaz olmasından əziyyət çəkirlər.
Yurd.Media xəbər verir ki, keçən həftə hava şəraitinin kəskin dəyişməsi nəticəsində yağan yağışlar liftləri yararsız hala salıb.
"İctimai TV"yə müsahibəsində pilləkənləri çıxıb düşməkdə əziyyət çəkdiyini bildirən yaşlı sakinlər aidiyyatı qurumlara müraciət etdiklərini ancaq bir nəticə əldə etmədiklərini deyirlər.
Sakinlərdən biri gecə saatlarında liftdə qaldığını danışıb:
"4-cü mərtəbəyə qalxırdım ancaq lift qalxdı 5-ə, düyməni basdım, qalxdı 9-a, amma qapı açılmadı. Sonra yenidən endik 5-ci mərtəbəyə yenə açılmadı. 40 dəqiqədən sonra qapı öz-özünə açıldı", - deyə sakin bildirib.
Bakı Şəhər Lift Təmir İstehsalat birliyindən bildirilib ki, ötən həftə yağan şiddətli yağış nəticəsində liftin mexanizmləri zədələnib. Hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır. Qısa zamanda liftin fəaliyyəti bərpa ediləcək.