Xətai rayonunda güclü külək ağacları kökündən qoparıb, həyətə giriş çətinləşib.
Yurd.Media Xəzər Xəbərə istinadən məlumat verir ki, Bakının Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 11 və 17 ünvanında aşan ağaclar sakinlərin narazılığına səbəb olub.
Sakinlərin sözlərinə görə, aşan ağaclar həyətə giriş-çıxışı çətinləşdirib. Xüsusilə təcili tibbi yardım avtomobilinin əraziyə daxil ola bilməməsi vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Xoşbəxtlikdən, hadisə zamanı həyətdəki avtomobillərə zərər dəyməyib.
Oxşar vəziyyət Nəsrəddin Tusi 17 ünvanında da baş verib. Sakinlər deyir ki, ağaclar qurumasın deyə neçə gündür zəng vurmadıqları qurum qalmayıb.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, güclü külək və yağış nəticəsində təkcə Xətai rayonunda 100-ə yaxın ağac zərər görüb. Hazırda Xətai Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri Yaşıllaşdırma İdarəsi və Mənzil Təsərrüfat Birliyi tərəfindən ağacların kəsilməsi, budanması və daşınması işləri həyata keçirilir. Həmin əraziyə baxış keçirilib və yaxın günlərdə problem aradan qaldırılacaq.