SÜJET
Sumqayıtda parkda tikintiyə hazırlıqların aparılması narazılığa səbəb olub.
Yurd.Media xəbər verir ki, 15-ci məhəllənin sakinləri parkın söküləcəyindən narahatdırlar.
"Xəzər TV"yə şikayət edən sakinlər bildirir ki, uşaqlar əyləncə üçün parkdan istifadə edirlər. Bir neçə gündür şirkətin əməkdaşları parka gələrək bəzi yerləri deşiblər.
"KM GROUP" MMC-nin nümayəndələri isə bildirir ki, 15-ci məhəllə ərazisində 1950-ci illərdə inşa olunmuş, istismar müddətini başa vurmuş və hazırda qəzalı vəziyyətdə olan 12 ədəd yataqxana mövcuddur. Sözügedən yataqxana və binaların sökülərək yerində müasir tipli çoxmərtəbəli binaların, şəhər sakinlərinin istirahəti üçün park və digər zəruri obyektlərin inşa edilməsi nəzərdə tutulur. Bu işlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən həyata keçiriləcəyi deyilir.
"Hazırda ərazidə tikinti və söküntü deyil, sadəcə olaraq geoloji kəşfiyyat işləri aparılır. Bütün sənədləşmə işləri tamamlandıqdan və yerli sakinlərlə razılaşma əldə olunduqdan sonra yenidənqurma işlərinə başlanacaq", - şirkət nümayəndələri bildirir.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən də bildirildi ki, hazırda ərazidə hər hansı tikinti işləri aparılmır. Gələcəkdə yalnız istismar müddətini başa vurmuş yataqxanaların sökülməsi və onların yerində qanunvericiliyə uyğun şəkildə abadlaşdırma və tikinti işlərinin aparılması planlaşdırılır.