Sulutəpədə kanalizasiya problemi: İşdən gələndə gördüm 2 mərtəbəli evi yarıyacan su basıb

Sulutəpədə kanalizasiya problemi: "İşdən gələndə gördüm 2 mərtəbəli evi yarıyacan su basıb"

Bakı

Sulutəpə qəsəbəsi Qafqaz küçəsində yerləşən məhlələr yağışdan sonra daşan kanalizasiya sularından əziyyət çəkir.

Yurd.Media xəbər verir ki, hər yağış yağanda küçələrdən ifunətli sular çay kimi axır.

Sakinlər "İctimai TV"yə bildirir ki, havalar isindikcə iydən küçələrdə dayanmaq mümkün deyil:

"20 ildir bu ərazidə yaşayıram. Bura köçən gündən bu vəziyyətdəyik. Son 4 ildir dayanmadan bütün aidiyyatı orqanlara müraciət edirik, ancaq söz verirlər ki, mərhələ-mərhələ gəlirik".

Kustar üsulla hazırlanmış kanalizaya xətti sakinlərin sayı artdıqca daha tez tez daşır.

"İşdən evə qayıdanda görürük ki, evimiz suyun içindədi. Uşağımızı dərsə apara bilmirik. Çəkmə geyinirik ki, ayağımız batmasın. Belə vəziyyətdə metroya və marşruta minməyə utanırıq. Bu dəfə isə işdən gələndə görmüşük ki, 2 mərtəbə evi yarıyacan su basıb", - deyə digər sakinlər şikayətlənib.

Sakinlər deyir ki, öz hesablarına bacardıqlarını ediblər, indi isə yeni xətlərin çəkilərək kollektora birləşməyini istəyirlər.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirilib ki, qeyd olunan ünvanda mərkəzləşmiş tullantı, su şəbəkəsi mövcud deyil. Təchizatın qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Şəbəkələrin İnşası Agentliyinin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.