SÜJET
Mayın 14-də bir neçə rayonda qaz təchizatı dayandırılacaq.
Yurd.Media xəbər verir ki, bu barədə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi və Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, Salyan, Neftçala və Hacıqabul rayonlarında aparılacaq texniki sınaq və təmir işləri ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq.
Belə ki, "Əhali (Şorsulu)" ölçü qovşağından qidalanan diametri 315 mm-lik yeraltı qaz kəmərində kipliyin sınağı səbəbilə:
Salyan rayonunun 11 kəndində (Marışlı, Şorsulu, Seyidlər, Boranıkənd, Qızılağac, Sarvan, Dayıkənd, Alçalı, Bəydili, Seyidsadıqlı, Quyçu) - 4 100 abonent,
Neftçala rayonunun 11 kəndində (Qaçaq, Xolqaraqaşlı, Qırmızı, Dördlər, Xolqarabucaq, Ramazanlı, Xanməmmədli, Qazaxbərəsi, Mürsəqulu, Xoltəzəkənd, Xəzərkənd) - 2 610 abonent qazsız qalacaq.
Eyni zamanda, Hacıqabul rayonunun Pirsaat qəsəbəsini təbii qazla təmin edən qaz xəttində sınaq işləri aparılacaq və bu səbəbdən 232 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bundan başqa, İmişli rayonunun 21 kəndində və Biləsuvar rayonunun inzibati ərazisində yerləşən 11 "Məcburi köçkünlər" qəsəbəsində qaz təchizatı dayandırılacaq.
Səbəb "Otuzikilər" ölçü qovşağında daraldıcı qurğunun yenisi ilə əvəzlənməsidir. Ümumilikdə bu tədbirlərdən 10 528 abonent təsirlənəcək.
Qazın verilişi işlər yekunlaşdıqdan dərhal sonra bərpa olunacaq.