Qəbiristanlıqlarda özbaşınalıq: Yerlər qanunsuz rezervasiya olunur

Qəbiristanlıqlarda özbaşınalıq: Yerlər qanunsuz "rezervasiya" olunur

Bakı

Son dövrlərdə əvvəlcədən qəbir yeri almaq bir çox insanlar üçün adi hala çevrilib. Ölüm vaxtı bəlli olmasa da, vətəndaşlar özləri və yaxınları üçün qəbir yerlərini öncədən ödəniş edərək rezerv edirlər.

Yurd.Media xəbər verir ki, xüsusilə Bakı və ətraf kəndlərdə ölünü dəfn etmək üçün boş torpaq sahəsi tapmaq çətinləşib. Qəbir yerlərinin qiymətləri isə yerləşdiyi əraziyə görə dəyişir. Paytaxt ətrafında bu məbləğ 500 manatdan başlayaraq 5000 manata qədər qalxa və daha yüksək ola bilir.

Mütəxəssislər "İctimai TV"yə bildirir ki, qəbir yerlərinin əvvəlcədən satılması və ya rezerv olunması qanunla tənzimlənmir. Yalnız bir istisna hal mövcuddur - vəfat edən şəxsin həyat yoldaşı üçün həmin şəxsin məzarının yanında yer rezerv edilə bilər.

Hüquqşünas Ramil Süleymanovun sözlərinə görə, əvvəlcədən rezerv olunmuş ərazilər üçün çıxarış almaq mümkündür. Bunun üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna əsasən, müvafiq sənədlər təqdim edilməlidir. Lakin bu, vətəndaşların istədikləri kimi qəbir yeri əldə edə biləcəkləri anlamına gəlmir.

Ekspertlər qəbiristanlıqlardakı qarışıqlığın səbəbi kimi onların tam olaraq bələdiyyələrin tabeliyinə verilməməsini göstərirlər. Onların fikrincə, vahid idarəetmə orqanı yaradılmalı və bütün qəbiristanlıqlar bələdiyyələrin nəzarətinə verilməlidir.

Kimsəsiz şəxslərin dəfn prosesi də aktual məslələrdən biridir.

Masazır bələdiyyəsinin nümayəndəsi Azər Osmanov bildirib ki, kimsəsiz şəxslərin dəfn prosesini həmin ərazidə fəaliyyət göstərən bələdiyyə öz üzərinə götürür.

Mütəxəssislər hesab edirlər ki, qəbiristanlıqların vahid bir qurum tərəfindən idarə olunması həm yer problemini həll edəcək, həm də qanunsuz satış hallarının qarşısını alacaq. Daha dəqiq desək, qəbiristanlıqların bələdiyyələrin tabeliyinə verilməsinin problemi kökündən həll edəcəyi bildirilir.