Aşura günü ilə əlaqədar Azərbaycanda ənənəvi olaraq keçirilən könüllü qanvermə aksiyaları bu il də geniş miqyas alıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Azərbaycan Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilib.
Aksiyada qeyri-hökumət təşkilatlarının üzvləri, eləcə də müxtəlif dövlət qurumlarını təmsil edən könüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılar Aşura günü keçirilən qanvermə aksiyasının dini-mənəvi dəyərlərin humanizm və sosial həmrəylik prinsipləri ilə vəhdətini nümayiş etdirməklə yanaşı, cəmiyyətdə könüllülük ənənələrinin, eləcə də sosial məsuliyyət hissinin gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıblar.
Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən qanvermə prosesinin bütün mərhələləri tibbi norma və qaydalara uyğun şəkildə həyata keçirilir. Donorların sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılır, müvafiq tibbi müayinələr aparılıb.
Qeyd edək ki, aksiya zamanı toplanan qan hemofiliya, talassemiya və digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Səhiyyə Nazirliyi Respublika Qan Bankının təşkilatçılığı ilə ölkə üzrə 30 şəhər və rayonda, ümumilikdə 40 müəssisədə qanvermə prosesi həyata keçirilir. Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev Təzəpir məscidində Aşura günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyası zamanı jurnalistlərə açıqlamasında deyib ki, bu il də azad olunmuş ərazilərdə - Şuşa və Ağdam şəhərindəki məscidlərdə də qanvermə aksiyası təşkil olunub:
"Ümumilikdə ölkə üzrə 30 şəhər-rayon üzrə 40 müəssisədə bu aksiya həyata keçirilir. Onlardan 24-ü məscid və ziyarətgah, 15-i tibb məntəqəsi, 1-i isə təhsil müəssisədir".
İcraçı direktor bildirib ki, aksiya saat 16:00-dək davam edəcək.

Qeyd edək ki, irsi qan xəstəliklərindən əziyyət çəkənlərə Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilir.
Qanvermə aksiyası bu ünvanlarda təşkil olunub:
| S/n | Şəhər, rayon | Qanvermə aksiyasının keçirildiyi yer |
| 1 | Xəzər | Mirmövsüm Ağa Ziyarətgahı |
| 2 | Nəsimi | Əjdərbəy məscidi (Göy məscid) |
| 3 | Nizami | “Sahib-əz-Zaman” məscidi |
| “Şah Abbas” məscidi | ||
| 4 | Səbail | “Bibiheybət” məscid ziyarətgahı |
| 5 | Sabunçu | “İmam-Rza” məscidi |
| 6 | Suraxanı | “Qaraçuxur” məscidi |
| 7 | Yasamal | “Təzə Pir” məscidi |
| İlahiyyat İnstitutu | ||
| 8 | Binəqədi | Came məscidi |
| “İmam Əli” məscidi | ||
| 9 | Gəncə | “İmamzadə” məscid ziyarətgah kompleksi |
| 10 | Lənkəran | Mərkəzi Qan Bankının Lənkəran bölməsi |
| 11 | Mingəçevir | “Heydər” məscidi |
| 12 | Sumqayıt | “Cümə” məscidi |
| 13 | Şəki | “İmam Əli” məscidi |
| 14 | Şirvan | Şirvan şəhər məscidi |
| 15 | Bərdə | “İmamzadə” ziyarətgah məscidi |
| 16 | Quba | Mərkəzi Qan Bankının Quba bölməsi |
| 17 | Masallı | “Cümə” məscidi |
| Masallı r-n Boradigah qəsəbə xəstəxanası | ||
| 18 | Göyçay | “Əbülfəzlil Abbas” məscidi |
| 19 | Xaçmaz | Rayon Mərkəzi Xəstəxanası |
| 20 | Salyan | “Hacı Tağı” məscidi |
| 21 | Şuşa | “Yuxarı Gövhər ağa” məscidi |
| 22 | Ağdam | Ağdam şəhər “Cümə” məscidi |
| 23 | Naxçıvan şəhəri | “Heydər” məscidi |
| Sarvanlar məscidi | ||
| Pirqəmiş məscidi | ||
| 24 | Babək | Mərkəzi Rayon Xəstəxanası |
| Qahab, Cəhri və Nehrəm kənd həkim məntəqələri | ||
| 25 | Ordubad | Rayon Mərkəzi Xəstəxanası |
| 26 | Culfa | Rayon Mərkəzi Xəstəxanası |
| Bənəniyar kənd həkim məntəqəsi | ||
| 27 | Şahbuz | Rayon Mərkəzi Xəstəxanası |
| 28 | Kəngərli | Rayon Mərkəzi Xəstəxanası |
| 29 | Sədərək | Rayon Mərkəzi Xəstəxanası |
| 30 | Şərur | Rayon Mərkəzi Xəstəxanası |