SÜJET
Sumqayıt Dövlət Dram Teatrının tanınmış və aparıcı aktyorlarından olan Habil Xanlarov çətin həyat şəraiti ilə üzləşdiyini açıqlayıb.
Yurd.Media xəbər verir ki, bu barədə o, TodayPress TV-yə danışıb.
Aktyor bildirib ki, illərdir səhnəyə sədaqətlə xidmət etməsinə baxmayaraq, teatrda aldığı əməkhaqqı nə dolanışığına, nə də ailəsinin tələbatlarını ödəməyə kifayət edir:
"Sumqayıt Dram Teatrında çalışıram. Qəhrəman obrazlar mənə həvalə olunur. Təəssüflər olsun ki, maaşlar həm azdır, həm də gecikmələrlə köçürülür. Bu da bizi ciddi maddi çətinliklərlə üz-üzə qoyur".
Xanlarovun sözlərinə görə, hazırda ən böyük qayğısı övladının səhhətidir. O qeyd edib ki, uşağı onkoloji xəstəlikdən əziyyət çəkir və müalicə üçün mütəmadi olaraq maddi vəsait tələb olunur:
"Övladım onkoloji xəstədir. Onun müalicəsi üçün də pul lazım olur. Bu səbəbdən nə iş olarsa, işləməyə hazıram".
Aktyor əlavə edib ki, əvvəlki illərdə serial və kino sahəsində fəaliyyət göstərsə də, bu işlərdən əldə olunan qonorarı çox cüzi olub:
“Əvvəllər serial və kinolarda oynamışam. Amma az-çox 30-50 manat məbləğində qonorar verilirdi. Kino sektorunda şərait elə qurulub ki, əsasən tanışlıqla hansısa rol sənə həvalə olunur. Bu da sənət adamlarını çətin duruma salır”.
Qeyd edək ki, Habil Xanlarov "Aydın"da Aydın, "Mənim ağ Göyərçinim"də Aqil, "Almaz”da Balarza, “Yusif və Züleyxa”da Hz Yusif, “Zülmətdə nur”da H.Cavid, "Təhminə və Zaur"da Zaur, "Varlı qadın"da Qariq, "Varlı ev"də Həbi kimi rollarla çıxış edib.