SÜJET
Mehdiabad qəsəbəsində yaşayan sakinlər zibil qablarının olmamasından ciddi narazılıq edirlər.
Yurd.Media “ATV Xəbər”ə istinadən xəbər verir ki, tullantı qablarının olmaması sakinlərin məişət tullantılarını müxtəlif ərazilərə, xüsusilə də boş sahələrə atması ilə nəticələnir. Bu səbəbdən də qəsəbədəki küçələr zibilliyə çevrilib.
Sakinlərin sözlərinə görə, bu vəziyyət uzun müddətdir ki, davam edir. Onlar iddia edirlər ki, hər ay tullantıların toplanması üçün müəyyən məbləğdə pul ödəmiş olsalar da, nəticə ortadadır. Sakinlər tullantıların yaratdığı pis qoxudan, ərazidəki antisanitar vəziyyətdən və küçə itlərinin həmin ərazilərdə təhlükə yaratmasından ciddi narahatdırlar.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Mehdiabad Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə müraciət olunub. Qurumdan bildirilib ki, ərazidə yaşayanların əksəriyyəti tullantıları yaxınlıqda yerləşən rəsmi tullantı qablarına deyil, boş sahələrə atır. Nümayəndəlik əməkdaşları tərəfindən dəfələrlə həmin ərazidə təmizlik işləri aparılıb. Müraciətdən sonra ərazi yenidən təmizlənib və qeyd olunub ki, yaxın günlərdə həmin küçəyə məişət tullantı qabları yerləşdiriləcək. Bildirilib ki, tullantı qabları artıq alınıb və tezliklə sakinlərin istifadəsinə veriləcək.