Sabunçu rayonunun Maştağa qəsəbəsində, daş karxanası ərazisində yaşayan sakinlər üfunət qoxusundan təngə gəliblər.
Yurd.Media xəbər verir ki, onlar "ATV Xəbər"ə bildiriblər ki, yaxınlıqdakı "Fors" MMC-yə məxsus müəssisədən axıdılan çirkab sular birbaşa evlərin qarşısına tökülür.
Sakinlər bildirir ki, bu vəziyyət uşaqların həyətə çıxmasına da mane olur: “Evdə pəncərə açmaq mümkün deyil”.
Onlar dəfələrlə aidiyyəti qurumlara şikayət etsələr də, nəticə olmadığını vurğulayıblar.
Müəssisə rəhbəri Sahib Əliyev məsələ ilə bağlı bildirib ki, ərazidəki evlər sonradan zəbt edilərək tikilib və problem bir neçə şəxsin tikinti planları ilə bağlıdır. Onun sözlərinə görə, çirkab sular üçün ayrılmış ərazi qurudulub və yeni quyular açılıb. O hazırda müəssisədən əraziyə çirkab axıdılmadığı qeyd edib.