Masazırda restoranın qanunsuz tikintisi sakinləri narahat edir

Masazırda restoranın qanunsuz tikintisi sakinləri narahat edir

Abşeron

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Qurtuluş-93 yaşayış kompleksində yaşayan sakinlər ərazidə yerləşən restoranın ikinci mərtəbəsində aparılan əlavə tikinti işlərindən şikayətçidirlər.

Yurd.Media xəbər verir ki, sakinlər "ATV xəbər"ə bildiriblər ki, restoranın gecə saatlarınadək yüksək səsli musiqiləri narahat etməyi azmış kimi indi həmin obyektin ikinci mərtəbəsini qaldırırlar.

Sakinlər deyir ki, burada ikinci mərtəbə terras şəklində hazırlanaraq restoran kimi istifadə olunacaq:

"Onsuz da restoranın yaratdığı səs-küy bizi yuxudan saxlayır, indi isə açıq havada fəaliyyət göstərəcək ikinci mərtəbə ilə bu problem daha da böyüyəcək. Yay aylarında pəncərə açmaq mümkün olmayacaq".

Sakinlər restoranın bu tikinti işlərinin qanunsuz olduğunu və icazəsiz aparıldığını iddia edirlər.

Məsələ ilə bağlı Qurtuluş-93 kompleksinin tikinti şöbəsinin rəisi Cavid Baxşəliyevin restoranın ikinci mərtəbəsində terras şəklində əlavə hissə inşa olunduğunu təsdiqləyib. O sakinləri narahat edən səs-küy probleminin isə müəyyən saatlarda məhdudlaşdırılacağını bildirib:

"Restoran rəhbərliyinə göstəriş verilib ki, sakinlərə narahatlıq yaradılmasın. Səs-küy məsələsinə ciddi nəzarət olunacaq".

Qeyd edə ki, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsindən bildirilib ki, sözügedən konstruksiya barədə onların heç bir məlumatı yoxdur, məsələ araşdırılacaq və qanunsuz tikinti halları ilə bağlı müvafiq tədbirlər görüləcək.