SÜJET
Abşeron rayonu, Masazır qəsəbəsi, İlyas Bayramov küçəsində yaşayan sakinlər ərazidə aparılan tikinti işlərindən narahatdırlar.
Yurd.Media "Barometr TV"yə istinadən xəbər verir ki, sözügedən sahə "Azərsu"ya məxsus magistral su xəttinin mühafizə zonasıdır və burada tikinti aparılması qadağandır.
Sakinlərin sözlərinə görə, tikinti zamanı iki dəfə su sızması baş verib, nəticədə palçıqlı su həyətləri basıb. Onlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər.
Bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyətinin bələdiyyə sədri şikayətlər əsasında tikintini dayandırıb. "Azərsu" əməkdaşları isə yerində baxış keçirərək ərazinin magistral xətt olduğunu və tikintiyə icazə verilmədiyini təsdiqləyiblər.
Fövqəladə Hallar Nazirliyi (fFHN) də həmin sahənin fərdi yaşayış üçün yararsız olduğunu, burada tikilən evin təhlükə yaratdığını qeyd edib.
Tikinti sahibi isə məsələnin məhkəmədə araşdırıldığını, çıxarışın mövcud olduğunu və İcra Hakimiyyətinin də məlumatlı olduğunu deyir.
Məsələ ilə bağlı "Azərsu" və Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edilsə də, hər iki qurum açıqlama verməkdən imtina edib.