SÜJET
Abşeron rayonu, Masazır qəsəbəsi, Səyavuş Aslan küçəsi, döngə 1, dalan 1 ünvanında uzun müddətdir davam edən kanalizasiya problemi ərazidə yaşayanları çətin vəziyyətdə qoyub.
Yurd.Media xəbər verir ki, kanalizasiya sisteminin mütəmadi olaraq daşması həm ekoloji, həm də antisanitariya baxımından ciddi narahatlıq yaradır.
Sakinlər "İctimai TV"yə bildiriblər ki, ətrafdakı binaların kanalizasiya xətlərinin məhəlləyə qoşulması vəziyyəti daha da ağırlaşdırıb. Küçədə üfunətli qoxudan dayanmaq mümkün deyil. Yağışlı havalarda isə vəziyyət dözülməz hal alır. Çirkab sular küçəyə axdığından gediş-gəlişi təmin etmək üçün yola taxtalar düzməli olurlar.
Ərazidə inşa edilən bir binanın kanalizasiya xəttinin üzərində tikildiyi bildirilir. Həmin binadakı obyektin sahibi də çətinlik yaşadıqlarını, xüsusilə güclü yağışlardan sonra zirzəmidə su yığılaraq materialların islanıb yararsız hala düşdüyünü deyib.
Problemlə bağlı Masazır bələdiyyəsindən bildirilib ki, məsələ Abşeron Rayon Su Kanal İdarəsinə yönəldilib. Bələdiyyənin nümayəndəsi Azər Osmanov qeyd edib ki, şikayətlər əsasında aidiyyəti quruma məlumat verilib və hazırda cavab gözlənilir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, əraziyə qəza briqadası göndərilib və kanalizasiya xətti bərpa olunub. Kanalizasiyanın tutulmasına məişət tullantılarının səbəb olduğu açıqlanıb. Bildirilib ki, bu cür halların təkrarlanmaması üçün sakinlər kanalizasiya şəbəkəsinə yalnız tullantı suyu axıtmalıdır.