SÜJET
Lənkəranın Göyşaban kəndində zibillik problemi 40 ildən çoxdur ki davam edir.
Yurd.Media xəbər verir ki, 3 km-ə qədər uzanan ərazidə antisanitar vəziyyəti köhnə Ələt-Astara yolu ilə Lənkərana gələndə görmək olar. Rayonda utilizasiya zavodu olmadığına görə, tullantılar 5 hektarlıq ərazini çirklənməyə məruz qoyur.
Sakinlərin "AZTV Xəbər"-ə bildirdiyinə görə, ərazidə "tullantı atmaq qadağandır" lövhəsi vurulub, 1000 manat cərimə təyin olunub, lakin ərazinin vəziyyətində heç bir dəyişiklik olmayıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Şahlar İsmayılov bildirib ki, utilizasiya zavodunun tikilməsi üçün müvafiq müraciətlər edilib.
"Əhalinin artımını nəzərə alsaq, artıq bu poliqonda yüklənmə yaranmışdır. Bunun üçün qabaqlayıcı tədbirlər görülür. Bunları Lənkəran Şəhər İcra Hakimiyyəti ciddi nəzarətə götürərək, yuxarı orqanlara müraciət etmişdir. Vəsait ayrıldığı təqdirdə burada utilizasiya zavodu tikiləcəkdir".
Vəziyyətin bu həddə gəlməsi ilə bağlı isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, qurumun əməkdaşları yerində araşdırma aparıb və qanun pozuntuları ilə bağlı müvafiq addımlar atılıb:
"Ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması və kanal boyunca yayılan tullantıların təmizlənməsi məqsədilə Lənkəran Mənzil Kommunal İstismar İdarəsinə nöqsanların aradan qaldırılması məqsədilə ekoloji tələb verilib. Bir müddət əvvəl ekoloji tələblərin yerinə yetirilməməsinə görə, poliqonda cavabdeh şəxs Rövşən Lətifov vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunmuşdur".