15 və 16 aprel tarixlərində ölkə ərazisində müşahidə olunan güclü külək, yağış, bəzi bölgələrdə isə qar, kənd təsərrüfatı ilə məşğul olan fermerlər üçün ciddi çətinliklər yaradıb.
Yurd.Media "İctimai TV"yə istinadən xəbər verir ki, temperaturun qəfil aşağı düşməsi nəticəsində bir sıra bölgələrdə bar verən ağaclara ziyan dəyib.
Fermerlərin sözlərinə görə, dəyişkən hava şəraiti təsərrüfatlarına ciddi təsir göstərib. Güclü yağışlar ağacların çiçəklərini məhv edib, bostan sahələrini su basıb. Kartof, soğan, sarımsaq kimi məhsullar sular altında qalıb.
Sərt hava şəraitindən zərər görən fermerlərin Aqrar Sığorta Fonduna müraciətlərinin sayı da kəskin şəkildə artıb. Belə ki, cəmi iki gün ərzində fonda 15 rayondan 70-dən çox müraciət daxil olub.
Fondun nümayəndəsi Roman Əmirxanov: “Keçən il Aqrar Sığorta Fondu bitkiçilik üzrə ümumilikdə 5 milyon 200 min manat məbləğində zərər ödənişi həyata keçirib ki, bunun 30%-i sel və subasma hadisələri ilə bağlı olub”.
Hadisələrin ən çox qeydə alındığı bölgələr arasında Xaçmaz, Şabran, Bərdə və digər rayonlar var. Ekspertlərin fikrincə, bu kimi təbii fəlakətlər kənd təsərrüfatının məhsuldarlığına birbaşa mənfi təsir göstərir.
Kənd təsərrüfatı üzrə mütəxəssis, iqtisadçı Ruslan Atakişiyev: “Ölkə üzrə hava şəraitinin bu cür dəyişməsi ilk növbədə məhsuldarlığın azalmasına, bazarda isə qiymətlərin artmasına səbəb olur.”
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, zərər çəkmiş fermerlər tərəfindən bu günə qədər 76 müraciət daxil olub. Müraciətlər əsasən Xaçmaz, Bərdə, Ağsu, Quba, Şamaxı, Şabran, Qusar, Ağdaş, Neftçala və digər rayonlardan göndərilib.
Nazirlikdən bildirilib ki, müraciətlərin 36-sı sel və subasma, 40-ı isə fırtına və dolu nəticəsində dəyən zərərlərlə bağlıdır. Araşdırmalar başa çatdıqdan sonra, qanunvericiliyə uyğun olaraq sığorta ödənişləri həyata keçiriləcək.