Gəncədə taksi kimi fəaliyyət göstərən yeni avtomobillər də var, ili nisbətən köhnə olanlar da.
Yurd.Media “ATV xəbər”ə istinadən məlumat verir ki, Gəncədə sərbəst şəkildə taksi xidməti göstərənlər də, taksi sifarişi ilə məşğul olan şirkətlərlə əməkdaşlıq edənlərin də olduğu bildirilir. Paytaxtda olduğu kimi Gəncə sakinləri də daha çox daşıyıcı şirkətləri ilə əməkdaşlıq edən taksi xidmətindən yararlanırlar.
Sakinlər belə olduğu halda həm vaxta, həm də cibə qənaət etdiklərini bildirirlər. Sakinlərdən fərqli olaraq, taksi fəaliyyəti ilə bağlı vəziyyət sürücüləri qane etmir. Səbəbini isə sertifikasiya, tibbi sənədlər, həmçinin, nəqliyyat vasitəsinin istehsal ilinin təzəliyi kimi tələblərlə izah edirlər. Bundan əlavə, sürücülər məsafəyə görə müəyyən olunan qiymətlərin ucuzluğundan da şikayətçidirlər; 3 km yol üçün 90 qəpik, 1 manat göstərir ki, bu məbləğ nəinki maşının ehtiyaclarını hətta yanacaq təminatı üçün də bəs etmir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, taksi xidməti göstərən minik avtomobilləri ilə daşınma qiymətləri tələb və təklif əsasında müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır.