SÜJET
"Azərbaycanın bəzi bölgələrdə azyaşlı qızların erkən yaşda ərə verilməsi pedofiliyanın yayılmasına zəmin yaradan ciddi sosial problemdir".
Bunu Yurd.Media-ya açıqlamasında ekspert, klinik psixoloq Fuad Əsədov bildirib.
Onun sözlərinə görə, bu, həm hüquqi baxımdan cinayətdir, həm də psixoloji travmalara yol açır:
"Gözü açılmamış qız almaq" fikri çox iyrənc səslənir. Bu zaman artıq sadəcə ailə problemi deyil, cinsi meyil pozuntusundan danışmaq lazımdır”, – deyə psixoloq bildirir.
“Pedofiliya” ifadəsinə aydınlıq gətirən psixoloq qeyd eidb ki, bu – yetkinlik yaşına çatmamış uşaqlara qarşı cinsi maraq göstərmək – ciddi psixoseksual pozuntudur. Bu hal xəstəlik sayıldığı zaman, həmin şəxslərdə impulsları idarə etməkdə çətinlik, empatiya çatışmazlığı və sosial uyğunlaşma problemi müşahidə olunur:
“Pedofillər çox zaman öz yaşıdları ilə münasibət qura bilmirlər. Onlar əsasən uşaqlarla ünsiyyətdə özlərini rahat hiss edir. Bu davranış ətrafdakılar üçün təhlükə siqnalı olmalıdır. Əvvəlcə fiziki təmaslarla başlayan münasibət, daha sonra flört xarakterli davranışlarla davam edir,” – deyə Fuad Əsədov bildirib.
Pedofillərin davranış xüsusiyyətləri
Psixoloq qeyd edir ki, pedofillər əsasən ailə nəzarətindən kənarda qalan, özünü müdafiə edə bilməyən uşaqları hədəf seçirlər. Onlar davranışlarını rasionallaşdırmağa çalışır, məsələn, “uşaq özü istədi” kimi manipulyativ ifadələrlə hərəkətlərini haqlı göstərməyə cəhd edirlər.
Belə şəxslər adətən yaşıdları ilə normal münasibət qura bilmədikləri üçün yönlərini uşaqlara çevirirlər – bu isə cəmiyyət üçün real təhlükədir.
Pedofiliya və azyaşlılarla münasibətlərə hüquqi baxış
Azərbaycan qanunvericiliyinə əsasən, pedofiliya cinayət xarakterli hal sayılır. Yetkin şəxsin 16 yaşına çatmamış bir uşaqla cinsi münasibət qurması hüquqi məsuliyyət yaradır:
“Əgər tərəflər arasında 5 yaşdan çox yaş fərqi varsa, bu hal daha ciddi şəkildə cəzalandırılır. Məsələn, 16 yaşlı bir qızla 19 yaşlı bir gəncin münasibəti artıq pedofiliya deyil, bu "azyaşlının yoldan çıxarılması" və ya "cinsi istismar" kimi qiymətləndirilir", – deyə Fuad Əsədov izah edir.
Qanunvericilik bu kimi halları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə tənzimləyir və situasiyaya uyğun fərqli hüquqi yanaşmalar mövcuddur.
Valideynlər üçün xəbərdarlıq: Uşaqları necə qorumalı?
Mütəxəssislər valideynləri diqqətli olmağa çağırır: uşaqlar heç vaxt tək buraxılmamalı, kiminlə və harada vaxt keçirdikləri daima izlənməlidir.
Uşaqlara sadə dildə izah edilməlidir ki, onların bədəninə heç kim icazəsiz toxuna bilməz. Bu məlumatlandırma qorxutmadan, anlayışla aparılmalı, şəxsi sərhədləri aydın şəkildə başa salınmalıdır.
Psixoloji və ya cinsi istismara məruz qalan uşaq bu təcrübənin təsirini illərlə daşıya bilər. Bu səbəbdən valideyn nəzarəti və maarifləndirmə həyati önəm daşıyır.
Statistik göstəricilər nə deyir?
UNICEF-in 2023-cü il hesabatına əsasən, dünyada hər 10 qızdan 1-i 18 yaşından əvvəl evləndirilir. Azərbaycanda isə erkən nikahların əsasən regionlarda baş verdiyi vurğulanır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə 1500-dən çox azyaşlının nikahı qeyri-rəsmi şəkildə həyata keçirilib.
Rəsmi statistikada pedofiliya ilə bağlı cinayət işlərinin sayı aşağı görünür. Lakin ekspertlər bu vəziyyəti belə halların gizli qalması və hüquq-mühafizə orqanlarına bildirilməməsi ilə izah edirlər.
Pedofiliya – həm psixoloji pozuntu, həm də hüquqi cinayətdir. Bu fenomen cəmiyyət üçün ciddi təhlükə olaraq qalır. Maarifləndirmə, hüquqi tədbirlər və valideyn nəzarəti pedofiliya ilə mübarizədə əsas vasitələrdir.
Uşaqların təhlükəsizliyi təkcə dövlətin deyil, bütün cəmiyyətin məsuliyyətidir.