Kənd və rayonlarda düzgün iş mühiti yaradılmalıdır, insanları orada saxlayan nələrsə olmalıdır.
Bunu deputat Razi Nurullayev Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında “Yurddaş” verilişində müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, rayonlarda biznes mühiti yaxşı deyil:
"İş qurmaq istəyən şəxslərə düzgün şərait yaradılmır. Sənədləşmə, infrastruktur, dövlət orqanlarından lazımi cavab alınması və bu kimi məsələlərin hamısı böyük bir problemdir.
Azərbaycanda qanuni, sənədi olan yer tapmaq çətindir. Bir sənədi almaq üçün 30-dan çox dövlət qurumundan qeydiyyatdan keçmək lazımdır. Lazımi dövlət orqanları da vaxtında bu barədə kömək etməlidirlər".
Həmçinin Razi Nurullayev ölkədə ilk növbədə sənədləşmə probleminin həll olunmasının vacibliyini vurğulayıb:
"Ölkənin yarısında ev və obyektlərin sənədləri düzgün deyil. Alan da, satan da peşman olur. İnsanlar istəyir ki, məsələni qısa bir müddətə rahatlıqla həll etsin. Lakin bir orqandan keçirsən, digərində problem yaranır. Problemin həlli uzun müddət alır, bu da pulun tükənməyinə səbəb olur".