Çölü normal, içi tam yararsız yataqxana: Gəncə sakinləri təlaş içindədir

Çölü normal, içi tam yararsız yataqxana: Gəncə sakinləri təlaş içindədir

Gəncə

Gəncədə yataqxananın bir qrup sakini binanın qəzalı vəziyyətindən narazıdır.

Yurd.Media xəbər verir ki, sakinlər ATV-yə müraciət edərək, illərdir mövcud problemlərin aradan qaldırılmadığını bildiriblər.

Sakinlərin sözlərinə görə, bina istismar müddətini başa vurub. Zirzəmi su ilə doludur, dam örtüyündən yağış suları evlərə axır və kanalizasiya suları birbaşa zirzəmiyə tökülür. Üstəlik, yaxınlıqdan qatar keçəndə və ya yoldan ağır tonnajlı maşınlar hərəkət etdikdə bina silkələnir – bu da sakinlər arasında narahatlıq doğurur.

Qeyd edək ki, söhbət Kəlbəcər rayonundan olan keçmiş məcburi köçkünlərin də yaşadığı Kimyaçılar məhəlləsindəki yataqxanadan gedir. Bina 1980-ci illərdə istifadəyə verilib. Xaricdən baxıldıqda tikili nisbətən normal görünsə də, daxildə vəziyyət tamamilə fərqlidir.

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən (MKTİB) verilən məlumata görə, şəhər ərazisində müxtəlif təşkilatların balansında olan 18 yataqxana mövcuddur. Onlardan bəziləri hələ 1930-cu illərdə istifadəyə verilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının keçirdiyi yoxlamalar nəticəsində bu yataqxanalardan 5-i qismən, 13-ü isə tam yararsız hesab edilib.

Məsələ ilə bağlı sevindirici məqam ondan ibarətdir ki, qəzalı vəziyyətdə olan yataqxanalarda yaşayan sakinlərin köçürülməsi üçün Gəncə şəhərinin Nizami Gəncəvi prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində 9 və 10 mərtəbəli olmaqla ümumilikdə 249 mənzildən ibarət 4 bina inşa edilib. Minə yaxın sakinin bu yeni kompleksə yaxın zamanda köçürülməsi planlaşdırılır.