SÜJET
Bütün sutka fasiləsiz işləyən sahələr - xəstəxanalar, apteklər, nəqliyyat və digər vacib xidmət obyektlərində iş saatları axşamdan başlayıb səhərədək davam edir. Bu sahələrdə çalışan insanlar üçün gecə növbəsində işləmək adi haldır.
Yurd.Media xəbər verir ki, Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən, saat 22:00-dan 06:00-dək olan müddət gecə vaxtı hesab olunur. Bu qayda isə yalnız 18 yaşını tamamlamış şəxslərə şamil edilir. Yaşı 18-dən az olan şəxslər üçün isə xüsusi məhdudiyyətlər nəzərdə tutulur.
Əmək məsələləri üzrə ekspert Nüsrət Xəlilov İTV-yə açıqlamasında bildirib ki, qanunvericiliyə görə 15 yaşına çatmış şəxslər əmək müqaviləsi əsasında işləyə bilərlər. Lakin 18 yaşınadək olan şəxslərin axşam saat 20:00-dan sonra işləməsi yolverilməzdir. Eyni zamanda, əlilliyi müəyyən edilmiş şəxslər yalnız öz razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında gecə vaxtı işləyə bilərlər.
Hamilə qadınlar, üç yaşınadək uşağı olan qadınlar və əlilliyi olan uşağı təkbaşına böyüdən kişilər də yalnız öz razılığı ilə gecə növbəsində işləyə bilərlər. Bundan əlavə, hamilə və üç yaşınadək uşağı olan qadınlar yalnız həkim rəyi ilə, uşağın həyat və sağlamlığına təhlükə olmadığı təqdirdə gecə növbəsinə cəlb oluna bilərlər.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Səbinə Qalayeva qeyd edib ki, hamilə qadınlar və 14 yaşına çatmamış, yaxud 18 yaşınadək əlilliyi olan uşağa sahib qadınlar üçün həftəlik iş vaxtı 36 saatdan artıq olmamalıdır. Onların ərizələri əsasında natamam iş vaxtı da müəyyən edilə bilər. Eyni zamanda, bu qadınlara əlavə istirahət və uşağın yedizdirilməsi üçün fasilələr də verilməlidir. Bu fasilələr iş vaxtına daxil edilir və əmək haqqı saxlanılır.
Beləliklə, qanunvericilik bir sıra qrupların gecə işlərinə cəlb olunmasına məhdudiyyətlər və əlavə tələblər qoyur.
Bu, işçilərin hüquqlarının qorunması məqsədi daşıyır. Ancaq bu qaydalara əməl olunub-olunmaması işəgötürənlərin məsuliyyətindən asılıdır. Vətəndaşlar isə bu sahədə qarşılaşdıqları problemlərlə bağlı qanuna uyğun olaraq hüquqlarını tələb edə bilərlər.