SÜJET
Bakı Tikiş Evi (BTE) 2024–2025-ci tədris ilinə tam hazırlıqla bağlı yüz mindən çox məktəbli forması istehsal edib və bütün ölçülərdə lazımi qədər məhsul mövcuddur.
Bunu Yurd.Media-ya müəssisənin şöbə müdiri Etibar Əzimov bildirib.
Onun sözlərinə görə, Bakı Tikiş Evi iyulun 1-dən etibarən məktəbli formalarının qiymətlərində böyük endirimlər edib. Qısaqol köynəklər 12 manatdan 8 manata (33% endirim), uzunqol köynəklər 12 manatdan 10 manata (18% endirim), jaketlər 30 manatdan 20 manata (33% endirim), ətək və şalvarlar isə 20 manatdan 15 manata (25% endirim) endirilib.
Etibar Əzimov bildirib ki, qiymətlərin aşağı salınmasının əsas səbəbi bazarda ucuz və keyfiyyətsiz məktəbli formalarının çox olmasıdır:
“Camaatın keyfiyyətsiz formalar almaması üçün qiymətləri minimuma endirmişik. Biz minimal qiymətlərlə satış edirik, amma keyfiyyətdən güzəşt etmirik. Bizim satış mərkəzlərimizdən alınan bütün mallara zəmanət verilir və keyfiyyətinə tam cavabdehik”.
Məlumata görə, Bakı Tikiş Evində köynəklərin parçası 100% pambıqdan ibarətdir və materiallar Özbəkistandan gətirilir. Şalvar və ətəklərin parçası isə 60% yun, 40% poliesterdir və bu materiallar Türkiyə və Belarusdan idxal olunur:
“Mallarımızın keyfiyyətinə tam zəmanət veririk. Qaynar xəttimiz və “Instagram” hesabımız mövcuddur. Hər kəs özünə yaxın olan mərkəzdən formaları əldə edə bilər”, – deyə Əzimov əlavə edib.