SÜJET
Avropanın Piylənmə ilə Mübarizə Konqresində (ECO 2025) təqdim olunan yeni bir araşdırma göstərib ki, piylənmədən əziyyət çəkən yeniyetmələrdə yaddaş, öyrənmə və emosiyaların idarə olunması ilə əlaqəli olan bir neçə beyin nahiyəsi daha böyükdür.
Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, tədqiqat ABŞ-dakı minlərlə yeniyetmə üzərində aparılıb. Hyuston şəhərindəki Texas Universitetinin İctimai Sağlamlıq Məktəbinin Epidemiologiya şöbəsinin mütəxəssisi Dr. Augusto Sezar de Moraes bildirib ki, piylənmə və sağlamlıq bərabərsizliyinin beynin strukturu və idrak qabiliyyətlərinə necə təsir etdiyini öyrənmək üçün 3320 iştirakçının məlumatlarını təhlil ediblər. İştirakçılar 17 ştatdakı şəhərlərdən cəlb olunub və onlar 2016–2018-ci illər və 2020–2022-ci illər ərzində dörd il müşahidə edilib.
Struktur maqnit-rezonans tomoqrafiyası (MRT) vasitəsilə beyin qabığının dərin hissələrində yerləşən bölgələrin həcmi qiymətləndirilib.
Qarın piylənməsi olan yeniyetmələrdə bu beyin bölgələrinin bəziləri piylənməsi olmayan həmyaşıdlarına nisbətən daha böyük olub. Ən nəzərəçarpacaq dəyişikliklər yaddaş və öyrənmə ilə əlaqəli və emosiyaların, o cümlədən qorxu, xoşbəxtlik, qəzəb və narahatlığın idarə olunmasında iştirak edən bölgədə müşahidə olunub.
Tədqiqatçılar orqanizmdə artıq piyin beynin emosiyaları necə emal etdiyinə təsir edə biləcəyindən narahat olduqlarını bildiriblər.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, 2022-ci ildə 5–19 yaş arası 160 milyon uşaq və yeniyetmə piylənmədən əziyyət çəkib. Bu yaş qrupunda piylənmə səviyyəsi 1990-cı ildəki 2%-dən 2022-ci ildə 8%-ə yüksəlib.
Azərbaycanda uşaq və yeniyetmələr arasında piylənmə halları son illərdə əhəmiyyətli dərəcədə artıb. Rəsmi statistikaya əsasən, 2012-ci ildə 1176 uşaq piylənmədən əziyyət çəkirdisə, bu rəqəm 2022-ci ildə 91% artaraq 2252-yə yüksəlib.
Ən son məlumatlara görə, 2020-ci ildə 14 yaşına qədər 1126 uşaqda piylənmə qeydə alınıb. Bunlardan 544-ü qız, 582-si isə oğlan olub .