SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Vitamin və qida əlavələrinin zərərləri AÇIQLANDI - VİDEO

Vitamin və qida əlavələrinin zərərləri AÇIQLANDI - VİDEO

Son illərdə vitamin və qida əlavələrinə maraq xeyli artıb. İnsanların əksəriyyəti bu məhsulları şərtsiz faydalı hesab etsə də, araşdırmalar göstərir ki, bəzi əlavələr sağlamlıq üçün ciddi risklər yarada bilər.

Yurd.Media xəbər verir ki, mütəxəssislər, xüsusilə, multivitaminlərin mono vitaminlərə nisbətən təsirinin daha az olmasını və onların nəzarətsiz istifadəsinin sağlamlığa mənfi təsir göstərə biləcəyini vurğulayır.

Terapevt Zakir Quliyev məsələ ilə bağlı İTV-yə bildirib ki, sadə görünən bu preparatların əslində təhlükəli təsirləri ola bilər:

"Məsələn, B qrup vitaminlərinin normadan artıq qəbul edilməsi hüceyrələrin vaxtından əvvəl bölünməsinə, hətta bəzi hallarda onkoloji xəstəliklərin yaranmasına səbəb ola bilər", - deyə həkim vurğulayıb.

O əlavə edib ki, bədəndə vitamin səviyyəsini bilmədən bu preparatları qəbul etmək yanlış yanaşmadır. Vitaminlərin həddindən artıq qəbulu bədənin təbii tarazlığını poza bilər. Buna görə də, hər hansı vitamin və ya mineral qəbulundan öncə mütləq həkim məsləhəti alınmalıdır:

"İnsanlar düşünürlər ki, vitaminlər zərərsizdir, amma onların da fəsadları ola bilər. Sosial şəbəkələrdə satılan və reklam olunan məhsulları almaq düzgün deyil. Həkim nəzarəti olmadan qəbul edilən dərmanlar, istər qida əlavəsi olsun, istərsə də vitamin, zərər verə bilər", - deyə Zakir Quliyev əlavə edib.

Mütəxəssislər həmçinin bioloji fəallığa malik qida əlavələri alarkən onların qablaşdırmasındakı və ya içlik vərəqəsindəki təlimatlarla diqqətlə tanış olmağı tövsiyə edirlər. Bu, məhsulun gündəlik qəbul dozası, əks göstərişləri və potensial riskləri barədə məlumatlı olmağa imkan yaradır.

Qeyd edək ki, vitamin və qida əlavələri ölkədə apteklərdə reseptsiz satılsa da, onların istifadəsi yalnız həkim nəzarəti ilə həyata keçirilməlidir.

Prime Leasing