Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) himayəsi altında beynəlxalq elmi mütəxəssislər qrupu tərəfindən həyata keçirilən Qlobal Xəstəlik Yükü (GBD) tədqiqatının nəticələrinə əsasən, 2050-ci ilədək dünya miqyasında orta ömür müddəti kişilər üçün 4,9 il, qadınlar üçün isə 4,2 il uzanacaq.
Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, proqnozlara görə, qlobal ömür uzunluğu 2022-ci ildəki 73,6 ildən 2050-ci ildə 78,1 ilə qədər yüksələcək. Bununla yanaşı, kişilərin ömür müddəti 4,9 il, qadınlarınkı isə 4,2 il artacaq. Ən əhəmiyyətli artımların hazırda aşağı ömür uzunluğu göstəricilərinə malik olan dövlətlərdə müşahidə ediləcəyi gözlənilir ki, bu da coğrafi regionlar arasındakı fərqin azalmasına səbəb olacaq.
Tədqiqatçıların rəyinə görə, bu müsbət meyl əsasən ürək-damar və tənəffüs yolları xəstəliklərinin, COVID-19-un, eləcə də ana və yenidoğulmuş körpələrin qeyri-kafi qidalanmasından yaranan yoluxucu xəstəliklərin müalicə nisbətlərini artıran ictimai səhiyyə tədbirləri ilə əlaqədardır.
Bundan əlavə vurğulanıb ki, xəstəliklərin qlobal yükü gələcəkdə ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər, xroniki obstruktiv ağciyər xəstəliyi, piylənmə, hipertoniya və şəkərli diabet istiqamətində transformasiyaya uğrayacaq. Mütəxəssislərin qənaətinə əsasən, bu xəstəliklərin inkişafı üçün ən mühüm risk amilləri qeyri-sağlam qidalanma və zərərli vərdişlərdir.