Antibiotiklərin həddindən artıq və düzgün istifadə olunmaması nəticəsində mikroblar onlara qarşı davamlılıq qazanır. Bu isə "son çarə" antibiotiklərinin də effektini azaldır.
Yurd.Media BBC-yə istinadən xəbər verir ki, yeni araşdırmaya görə, 2022-ci ildə dünyada üç milyondan çox uşaq antibiotiklərə davamlı infeksiyalar səbəbilə həyatını itirib.
“Murdoch” Uşaq Araşdırmaları İnstitutunun və “Clinton” Səhiyyə Təşəbbüsünün ekspertlərinin hesabatında Afrikada və Cənub-Şərqi Asiyada uşaqların daha çox risk altında olduğu vurğulanıb.
Qeyd olunur ki, 2021-ci ilə qədər antibiotiklərin istifadəsi Afrikada 126%, Cənub-Şərqi Asiyada isə 160% artıb.
Mütəxəssislər bildirirlər ki, bu vəziyyət davam edərsə, çoxsaylı infeksiyalara qarşı müalicə variantları demək olar ki, qalmayacaq.
Ümumdünya Səhiyyə Təşkilatı AMR-ni (antimikrob davamlılıq) qlobal sağlamlıq üçün ciddi təhlükə kimi qiymətləndirir və infeksiyaların qarşısını almağın — peyvənd, təmiz su və gigiyena səviyyəsinin artırılmasının əsas çıxış yolu olduğunu vurğulayır.