Ailədə ana və atanın uşağa münasibəti onun şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayır. Lakin cəmiyyətdə geniş yayılmış bir inanc var ki, uşaqları çox məhəbbətlə böyütmək onları ərköyün edir. Mütəxəssislər bu fikri rədd edir və valideynləri yanaşmalarını dəyişməyə çağırır.
Yurd.Media xəbər verir ki, sosioloq Mail Yaqub hesab edir ki, valideyn həm dost, həm də uşağın ilk psixoloqu olmalıdır.
O "ATV"ə müsahibəsində bildirir ki, uşağı davamlı təhqir və alçaltma onun şəxsiyyətini məhv edir:
"Əgər mən uşağımı təhqir edirəmsə, hər gün “səndən adam olmaz” deyirəmsə, o uşaqdan hansı şəxsiyyəti gözləmək olar. Nə etməliyəm? Əksini etməliyəm - uşağa dəyər verməliyəm, əzizləməliyəm. Bu cür yanaşma heç bir pis nəticə vermir."
Psixoloq Rafiq Allahverdiyev isə uşaqlara minnətdarlıq hissinin, erkən yaşlardan məsuliyyət anlayışının aşılanmasının vacibliyini vurğulayır. O qeyd edir ki, uşaqların şəxsiyyət kimi formalaşması ailə tərbiyəsi, sağlamlıq, təhsil və əxlaqdan belə önəmlidir:
"Uşaqlar hər bir hissi psixikalarında saxlayırlar. Ona görə uşaqların keçirdiyi stress böyüklərin keçirdiyi stressdən qat-qat güclüdür. Valideyn övladını danlaya bilər, lakin emosional çalarla onu təhqir həddinə çatdırmaq düzgün deyil."
Mütəxəssislər valideynləri uşaqlara yaxınlıq, anlayış və hörmətlə yanaşmağa çağırır; eyni zamanda erkən yaşlarda məsuliyyət və minnətdarlıq hissini formalaşdırmaq üçün konkret tərbiyə üsullarına üstünlük verməyi tövsiyə edirlər.