Əməkdar jurnalist Fadil Paşayevin qızı işə düzəlmək üçün sağlamlıq haqqında arayış alarkən gözlənilməz bir vəziyyətlə qarşılaşıb.
Yurd.Media xəbər verir ki, tam təsadüf nəticəsində məlum olub ki, TƏBİB-in sistemində qızının xəstəlik tarixində "Yakob xəstəliyi zamanı demensiya" kimi dəhşətli bir diaqnoz qeydə alınıb.
Kreystfeld-Yakob xəstəliyi beynin dağıdıcı degenerativ xəstəliyi olub, əsasən prion zülalların səbəb olduğu ölümcül nevroloji pozuntudur. Jurnalistin qeyd etdiyi kimi, sonuncu dəfə bu xəstəlik 1998-ci ildə Böyük Britaniyada qeydə alınıb və zamanında İngiltərədə epizootik forması - "dəli inək xəstəliyi" kimi tanınan vəziyyət yaranmışdı. Nəticədə Britaniya hökuməti minlərlə cütdırnaqlı heyvanı məhv etmək məcburiyyətində qalmış və bu da ölkə iqtisadiyyatına milyardlarla funt-sterlinq ziyan vurmuşdu.
Jurnalist bildirib ki, araşdırma aparıb və məlum olub ki, Azərbaycanda belə bir xəstəliyin qeydə alınması və açıq sistemə yerləşdirilməsi ilə bu ölkənin Ümumdünya Səhiyyə Təşkilatı qarşısında fövqəladə vəziyyət elan etmək kimi bir öhdəliyi var.
"Məsələ burasındadır ki, belə bir xəstəliyi ölü bir şəxsin beynindən götürülən hüceyrələri müayinə etdikdən sonra müəyyənləşdirmək olar. Hələ mənim övladımın keçirdiyi stressi demirəm," - deyə Fadil Paşayev qeyd edib.
Vəziyyətlə bağlı iki ay öncə TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamira Adilova ilə əlaqə saxlanılıb. Paşayevin sözlərinə görə, rəsmi şəxs açıq şəkildə məsələnin TƏBİB-lə deyil, Səhiyyə Nazirliyi ilə bağlı olduğunu bəyan edib.
Daha sonra Sumqayıt Tibb Mərkəzinə müraciət edilib. Onlar bu yanlışlığın hərf səhvindən irəli gəldiyini və tez bir zamanda aradan qaldırılacağını bildirsələr də, iki aydan çoxdur ki, məsələ öz həllini tapmır.
Məsələ ilə bağlı TƏBİB-dən verilən məlumata görə, Paşazadə Fatimə Fadil qızının şəxsi kabinetində – my.gov.az portalında səhvən 2024-cü ildə "Kreystfeld–Yakob xəstəliyi zamanı demensiya" diaqnozunun qeyd olunması faktı təsdiqlənib.
Araşdırma zamanı müəyyən edilib ki, texniki yanlışlıq qeydiyyat mərhələsində baş verib. Reyestrə təqdim edilən klinik diaqnoz Z02.1 kodu əvəzinə F02.1 kimi qeyd olunub.
TƏBİB bildirib ki, müvafiq şöbəyə və qeydiyyatçılara xəbərdarlıq edilib, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün əlavə nəzarət tədbirləri görülüb. 18 oktyabr 2025-ci il tarixində sistemdə (e-tabib mobil tətbiqində) bu məlumatın düzəlişi üzrə müvafiq addımlar atılıb və my.gov.az platforması ilə sinxron yenilənmə işləri aparılır.