Yurd.Media xəbər verir ki, İngiltərədə aparılan yeni bir araşdırma, kifayət qədər su içməyən şəxslərin daha çox stressə məruz qaldığını ortaya qoydu. Tədqiqatçılar, müntəzəm olaraq az su içən şəxslərin stressə qarşı daha şişirdilmiş bioloji reaksiya verdiyini müəyyən etdi. Araşdırmaya görə, kifayət miqdarda su qəbul etməyənlərdə stress hormonu kortizol daha yüksək səviyyələrdə ifraz olunur. Mütəxəssislər, stressli dövrlərdə və ya vacib bir çıxış zamanı yanınızda su şüşəsi saxlamağın həm ani, həm də uzunmüddətli sağlamlıq baxımından faydalı ola biləcəyini ifadə etdi. SU ÇATIŞMAZLIĞI RUH SAĞLAMLIĞINA TƏSİR EDİR Araşdırmanı dəyərləndirən Uşaq və Yeniyetmə Psixiatriyası Mütəxəssisi Dr. Günay Budagova, həddindən artıq isti havalarda, xəstəlikdən sağalma prosesində və hamiləlik dövründə su qəbulunun artırılması lazım olduğunu söylədi. Kişilərin gündə 2,5 litr, qadınların isə 2 litr su qəbul etməsi lazım olduğunu bildirən Budagova, bu məlumatları paylaşdı: "Daha az su qəbulu birbaşa stress yaratmaz, lakin bədəndəki hormon balansını pozaraq zehni performansa təsir edir, bu da stressə reaksiyanı artırır. Su çatışmazlığı (dehidrasiya) ilə ruh sağlamlığı arasında güclü bir əlaqə vardır. Aşağı maye səviyyələri hormon dəyişikliklərinə, koqnitiv pozuntulara, pis yuxuya və əhval-ruhiyyəmizi poza biləcək əlamətlərə səbəb ola bilər. Hətta yüngül dehidrasiya belə kortizol səviyyəsini yüksəldərkən xoşbəxtlik hormonu istehsalını azaldır. Bu da şəxsi əsəbi, kədərli və yorğun hala gətirə bilər". DİQQƏT VƏ QƏRAR VERMƏNİ ZƏİFLƏDİR Dr. Budagova, dehidrasiyanın elektrolit balansını da pozduğunu vurğulayaraq, bunun koqnitiv funksiyalar üzərində mənfi təsirlər yaratdığını ifadə etdi: "Elektrolitlər diqqət, öyrənmə, qərar vermə və yaddaş kimi koqnitiv prosesləri tənzimləyir. Balans pozulduğu halda bu funksiyalar pozulur. Stressə qarşı həddindən artıq kortizol reaksiyası isə ürək xəstəliyi, diabet və depressiya riskini artıra bilər".