Bakının 4-cü mikrorayon ərazisində yerləşən "SNN MEDICAL" klinikasında keyfiyyətsiz materiallardan istifadə olunması və gigiyena qaydalarına riayət olunmaması etiraza səbəb olub.
Rəna Ağayeva adlı pasient bildirib ki, klinikada fəaliyyət göstərən iki diş həkimi tərəfindən 3 il ərzində aldadılıb və qeyri-peşəkar xidmətə görə ciddi ziyanla üzləşib.
Şikayətçiyə görə, əvvəlcə Xəyalə adlı diş həkimi dişlərinə səhv müdaxilə edib, nəticədə vəziyyət daha da ağırlaşıb. Daha sonra klinikanın baş həkimi prosesi davam etdirib, lakin problemin həllinə nail olunmayıb.
"Məndən 2 min manat protez pulu aldılar, amma ən ucuz və keyfiyyətsiz materialdan istifadə etdilər. Cəmi 3-4 aya protez qırıldı. Dişlərimi düzəldə-düzəldə sonunda çıxarıb protez qoydular", – deyə şikayətçi bildirir.
Onun sözlərinə görə, klinika gigiyena qaydalarına da əməl etmir:
"Dərmanı dəfələrlə üstümə töküb paltarımı yandırdılar. Mən xatırlatmasam, həkim əlini spirtlə də silmirdi".
O, həm maddi ziyanın, həm də 3 illik psixoloji əziyyətin təzminatını tələb edir. Şikayətçi əlavə edir ki, klinika tərəfindən "özəl müəssisəyik, heç kim bizə nəsə edə bilməz" cavabı alıb. Rəna Ağayeva ödənilən vəsait geri qaytarılmazsa, əldə olan vizual sübutların ictimailəşdirəcəyini bildirir.