Miqren beyində baş verən müxtəlif kimyəvi proseslərdən qaynaqlandığı güman edilən, lakin əmələ gəlmə səbəbi hələ də tam olaraq aydınlaşdırılmamış xroniki bir xəstəlikdir.
Yurd.Media xəbər verir ki, aparılan bəzi tədqiqatlar damarların daralmasının güclü miqren tutmalarına yol açdığını ortaya qoyur.
Miqren adətən başın bir tərəfində özünü biruzə verir. Güclü tutmalar əsnasında gözlərdə qaralma, göz yaşarması, başgicəllənmə, ürəkbulanma, həmçinin səsə, işığa və qoxulara qarşı yüksək həssaslıq əlamətləri meydana çıxır.
Spirtli içkilər, aclıq, düzgün tərtib olunmamış pəhriz, az qida qəbulu, kifayət qədər su içməmək, ağır fiziki gərginlik, uzun müddətli səyahətlər, kəskin qoxular, başın həddindən artıq istiyə məruz qalması, parfümeriya məhsulları, güclü işıq mənbələri, stress, qorxu hissi, hormonal preparatların istifadəsi və qan dövranının pozulması miqreni qıcıqlandıran əsas amillərdəndir.
Qeyd etmək lazımdır ki, hər baş ağrısı miqren hesab olunmur. Bu diaqnozun təsdiqlənməsi üçün tomoqrafiya nəticələrinin normal olması və baş ağrısına səbəb ola biləcək hər hansı başqa bir faktın aşkar edilməməsi tələb olunur.
Miqrenin tam müalicəsi mövcud olmasa da, müəyyən bitki tərkibli qarışımlar tutmalar zamanı xeyli rahatlıq gətirir.
2 stəkan suya 2 xörək qaşığı nanə, 1 çay qaşığı üyüdülmüş mixək və 1 çay qaşığı dənəvər qara istiot əlavə edilərək 1 dəqiqə müddətində qaynadılır. Sonra bu məhlula 1 ədəd kartof doğranıb əlavə olunur. Hazırlanmış qarışıq tənzif üzərinə yayılaraq ağrı olan nahiyəyə qoyulur və bağlanır. Bu metod hətta mütəxəssislər tərəfindən də məsləhət görülür.
Bundan başqa, nanə yağı və kəklikotu yağı ilə gicgah nahiyəsinin masaj edilməsi də ağrıların azaldılmasında müsbət nəticə verir.