SÜJET
Son illər qadınlar və kişilər arasında geniş yayılan estetik prosedurlardan biri də lazer epilyasiyasıdır. İstənilməyən tüklərdən xilas olmaq üçün müraciət edilən bu prosedur barədə sağlamlıqla bağlı narahatlıqlar da gündəmdədir.
Yurd.Media-ya danışan onkoloq Ulduz Vəliyeva lazer epilyasiyasının tam zərərsiz olmadığını bildirib:
“Lazer epilyasiyasını tətbiq edən mütəxəssislər prosedurun zərərsiz olduğunu, hətta heç bir mənfi təsiri olmadığını deyirlər. Ancaq bir həkim və onkoloq kimi mən düşünürəm ki, bu, reallığı əks etdirmir. Axı necə ola bilər ki, lazer şüası tük follikullarına təsir edir, lakin ətraf toxumalara heç bir ziyan vurmur?”.
“Əgər lazer zərərsiz olsaydı, uşaqlara və hamilə qadınlara tövsiyə olunardı”
Ulduz Vəliyeva qeyd edir ki, lazer epilyasiyasına məruz qalan bir çox qadında limfa düyünlərində qızartı, şişkinlik, hətta ağrılı hallar müşahidə edilir:
“Bu hallara xüsusilə qolaltı nahiyəsində və üz bölgəsində daha çox rast gəlirik. Qolaltı hissədə limfa axarları səthə yaxın yerləşdiyindən onların zədələnməsi riski yüksəkdir. Həmçinin, üz nahiyəsində lazer şüaları pigmentasiyanın artmasına, qızartılara və geri dönməz ləkələrin yaranmasına səbəb ola bilər. Mən bu halların bir çoxuna öz praktikamda dəfələrlə şahid olmuşam”.
Həkim əlavə edir ki, əgər lazer proseduru həqiqətən də təhlükəsiz olsaydı, onun istifadəsi hamilə qadınlar, yeniyetmələr və uşaqlar üçün də məhdudlaşdırılmazdı:
“Təsəvvür edin, əgər bu metod tam zərərsiz olsaydı, nəyə görə hamilə qadınlara və uşaqlara məsləhət görülmür? Hormonal pozuntuları olan və ya onkoloji xəstəliklərdən əziyyət çəkən insanlara lazer epilyasiyası ümumiyyətlə qəti şəkildə tövsiyə olunmur”.
Ulduz Vəliyeva vurğulayır ki, onkoloji xəstəliklərdən sonra lazer epilyasiyası aparılması ciddi fəsadlara səbəb ola bilər:
“Bu zaman toxumalar onsuz da zədələnmiş və daha həssas olur. Lazer şüaları həmin toxumalarda əlavə qıcıqlanmaya, şişkinliyə və vəziyyətin kəskinləşməsinə səbəb ola bilər”.
“Qolaltı və üz nahiyəsinə lazer tətbiqi xüsusilə risklidir”
Həkimin sözlərinə görə, lazer prosedurlarının qısa müddətli rahatlığı aldadıcı ola bilər. Maddi və vaxt baxımından əlverişli görünsə də, uzaq perspektivdə ciddi sağlamlıq problemləri ortaya çıxa bilər:
“Bəzən lazerin zərərli təsiri dərhal özünü göstərmir. Ancaq illər sonra toxumalarda dəyişikliklər, kapilyar partlamaları və limfa axınında problemlər yarana bilər”.
Həkim prosedurun bəzi nahiyələrdə daha təhlükəli olduğunu deyir:
“Qolaltı və üz bölgəsində dəri daha incə və toxumalar həssasdır. Burada lazer şüalarının yaratdığı mənfi təsirlər daha qabarıq görünür – pigmentasiya, qızartı, hətta limfa axınının pozulması. Bu nahiyələrə lazer tətbiqini heç bir halda tövsiyə etmirəm”.
“Prosedur fərdi yanaşma tələb edir”
Ulduz Vəliyeva onu da bildirir ki, lazer proseduru fərdi yanaşma tələb edir. Bəzi insanların dərisi daha həssas olduğuna görə onların bu cür müdaxilələrə reaksiyası da daha güclü olur:
“Elə insanlar var ki, lazer epilyasiyasını illərlə istifadə etsələr belə, heç bir problem yaşamırlar. Amma digərlərində isə ilk prosedurdan sonra belə mənfi təsirlər ortaya çıxır. Bu səbəbdən də lazer tətbiqinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək və dəri tipinə uyğun seçim etmək çox vacibdir”.
İnsanın sağlamlığı və gözəlliyi hər zaman onun əlindədir. Biz gərək hər zaman sağlamlığımıza diqqətlə yanaşmaq.