Uzun müddət davam edən və mənşəyi aydınlaşdırılmayan ağrılar yalnız fiziki deyil, həm də psixoloji problemlərdən qaynaqlanana bilər.
Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər müəyyən hallarda tibbi müayinələr nəticəsində heç bir xəstəliyin aşkar edilmədiyinə baxmayaraq, insanların müxtəlif ağrı və narahatlıqlardan şikayətlənməyə davam etdiyini vurğulayıb.
Bu hal əksər hallarda keçmişdə yaşanmış travmalar və emosional gərginliklə birbaşa əlaqəlidir.
Psixologiyada bu fenomen "somatizasiya" termini ilə ifadə olunur.
Başqa sözlə, insanın sözlə ifadə edə bilmədiyi duyğular və stress bədəndə fiziki əlamətlər — ağrı, yorğunluq və ya narahatlıq şəklində təzahür edir.
Xüsusilə uşaqlıq çağında yaşanan travmatik hadisələr və uzun müddət içdə saxlanılan emosiyalar bu tip problemlərin daha da şiddətlənməsinə gətirib çıxarır.
Mütəxəssislər bildirirlər ki, insanlar psixoloji sıxıntılarını açıq formada dilə gətirmədikdə, bu vəziyyət bədən vasitəsilə özünü biruzə verməyə başlayır.
Qeyd edək ki, uzun sürən və səbəbi müəyyənləşdirilə bilməyən ağrılar yaşandıqda təkcə fiziki deyil, həm də psixoloji amillərin nəzərə alınması və ixtisaslaşmış mütəxəssisə müraciət edilməsi tövsiyə olunur.