Enerji içkiləri ürək ritmində ciddi pozulmalara, təzyiq dəyişikliklərinə və damarlarda spazmlara gətirib çıxarır. Bu növ içkilərin təsiri nəticəsində ən çox ürəkdə ölümcül ritm pozğunluqları müşahidə edilir. Enerji içkiləri eyni zamanda qadın və kişi reproduktiv orqanlarına mənfi təsir göstərir, nəsil artırma qabiliyyətini zəiflədir, həmçinin genetik xarakterli problemlərə yol açır.
Yurd.Media xəbər verir ki, bu fikirləri kardioloqlar enerji içkilərinin zərərləri haqqında danışarkən söyləyib.
Həmin içkilərin tərkibində yüksək dozada kofein və taurin olduğunu vurğulayan mütəxəssislərin sözlərinə əsasən, bəzi enerji içkilərinə kofein daha gücləndirilmiş formada əlavə edilir:
"Bu maddələr gündəlik normanı aşdıqda ürək ritmi pozulur, hüceyrələrdə həddindən artıq impulslardan oyanma baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar meydana gəlir. Hamilə qadının, yaxud azyaşlının bu içkiləri qəbul etməsi nə qədər məqbuldur? Valideynin övladlarına, nənə-babaların nəvələrinə enerji içkisi alıb verməsi düzgün hesab edilə bilərmi? Belə hallara yol verilməməlidir. Bu içkilərin reklamının qarşısının alınması zəruridir.
Enerji içkiləri 2007-ci ildən etibarən daha geniş miqyasda istehlak olunmağa başlayandan sonra ABŞ-da xüsusi ölüm hadisələri qeydə alınmağa başladı. Azərbaycanda da bu səbəblə iki ölüm hadisəsi baş verib. Lakin ümumilikdə bu içkilərin törətdiyi fəsadlar olduqca çoxdur.
Gənc yaşda ürəkdə ağır problemlər aşkar edildikdə ilk ağlımıza gələn amil narkotik maddələrin və enerji içkilərinin istifadəsidir. Hər gün dörd qutu enerji içkisi qəbul edən bir nəfər infarkt şübhəsi ilə bizə müraciət etmişdi. Ürək damarlarındakı spazmları aradan qaldırmaq üçün müvafiq dərmanlar təyin etdik. Uzun müddət həmin içkilərdən istifadə etməyib, son bir ay ərzində yenidən içməyə başlayıb və nəticədə infarkt baş verib".
Həkimlər qeyd edir ki, bu içkilər uşaqların və yeniyetmələrin inkişafında da ciddi problemlər törədir: "Hesab edirəm ki, 22 yaşından kiçik olan şəxslər bu içkiləri qətiyyən içməməlidirlər. Son dövrdə tərkibinə alkoqol əlavə olunan enerji içkiləri də bazara çıxarılıb. Bunların zərəri isə qat-qat daha böyükdür".
Mütəxəssislər həmçinin enerji içkilərinin və siqaretin D vitamini çatışmazlığına səbəb olduğunu izah edib:
"İnsanların böyük hissəsində D vitamini çatışmazlığı mövcuddur. Günəşli bir ölkədə yaşamağımıza baxmayaraq, bu problem geniş şəkildə yayılıb. Enerji içkiləri və siqaret D vitamininin orqanizm tərəfindən mənimsənilməsinə mane olur".
Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” və “Pit bull”, “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.