SÜJET
Tibbi araşdırmalar insan orqanizmində B12 vitamini çatışmazlığının sinir sisteminə qalıcı zərər verə biləcəyini üzə çıxarıb.
“Yurd.media” xəbər verir ki, Kaliforniya Universitetinin apardığı araşdırma qan testlərində B12 vitamininin sərhəddə və ya aşağı səviyyələrdə çıxmasının yaşlı insanlarda idrak geriliyinə və beyin toxumasında zədələnməyə səbəb ola biləcəyini aşkarlayıb.
Nevroloq mütəxəssis, dosent doktor Abdullah Özkardeş isə Cumhuriyyət.com.tr saytına müsahibəsində bildirib ki, B12 vitamini çatışmazlığı bərpası çətin olan sinir hüceyrəsi zədələnmələrinə səbəb ola bilər:
“Xüsusilə, yaşlı insanlarda unutqanlıq və reflekslərin yavaşlaması kimi əlamətlər müşahidə edilərsə, B12 səviyyəsi daha diqqətlə qiymətləndirilməli və erkən mərhələdə vitamin əlavəsi nəzərdən keçirilməlidir".
Bəs bunu necə müəyyən etməli?
Dr. Özkardeşin sözlərinə görə, xüsusilə yaşlı insanlarda və nevroloji şikayətləri olan pasiyentlərdə yalnız qan testlərinə əsaslanmamalı, klinik simptomlar və funksional göstəricilər də nəzərə alınmalıdır.
B12 səviyyəsi aşağı olan xəstələrdə erkən mərhələdə əlavə B12 qəbuluna başlamaq idrak geriləməsinin və mümkün beyin zədələnmələrinin qarşısını ala bilər.
Bundan əlavə, nevroloq yaşlı insanların mütəmadi olaraq B12 səviyyələrini yoxlatdırmalı olduğunu və nevroloji əlamətlər müşahidə edildiyi təqdirdə B12 əlavəsinə erkən mərhələdə başlamağın əhəmiyyət kəsb etdiyini vurğulayıb.