"Əgər insan uzun müddət yuxuya gedə bilmir və gecə saatlarında tez-tez oyanırsa, ola bilsin ki, qidalanma rejiminə yenidən nəzər yetirməlidir".
Yurd.Media xəbər verir ki, bu barədə "HuffPost" nəşrinə yuxu mütəxəssisi Ketrin Xoll açıqlama verib və yuxusuzluğa gətirib çıxara bilən üç əsas məhsul kateqoriyasını izah edib.
Mütəxəssisin fikrincə, ilk olaraq axşam saatlarında duzlu qidalardan uzaq durmaq vacibdir. Yüksək duz tərkibli yeməklər orqanizmdə maye tutulmasına və qan təzyiqinin yüksəlməsinə gətirib çıxarır. Bu səbəbdən çips, duzlu fıstıq, bekon və ya turşu kimi məhsullar qəbul edildikdən sonra bədənin tam rahatlığa çatması çətinləşir. Nəticə etibarilə insan dərin yuxuya dala bilmir və gecə ərzində tez-tez tualetə getmək ehtiyacı ilə oyanır.
İkinci yuxu pozğunluğuna yol açan qida qrupu turş tərkibli məhsullardır. Buna misal olaraq pomidor, badımcan, soya sousu, qırmızı şərab və pendir növlərini göstərmək olar. Bu məhsulların tərkibində tiramin adlanan amin turşusu yüksək miqdarda mövcuddur. Həmin maddə beyin fəaliyyətini stimullaşdırır və yuxuya dalmağı əngəlləyir.
Son olaraq, yuxu çətinliyi çəkən insanlara mütəxəssis acı və ədviyyatlı yeməklərdən də qaçınmağı məsləhət görür. Müxtəlif ədviyyatların və çili bibərinin tərkibində kapsaicin adlı birləşmə mövcuddur. Bu maddə bədən temperaturunu qəfil şəkildə artırır.