Enerji içkiləri qısa müddətdə yorğunluğu azaltmaq və diqqəti artırmaq məqsədi ilə istehsal olunur. Lakin mütəxəssislərin sözlərinə görə, bu içkilər orqanizmə real enerji vermir, sadəcə bədənin mövcud ehtiyatlarını daha sürətlə xərcləməyə məcbur edir.
Yurd.Media xəbər verir ki, mütəxəssislərin araşdırmalarına görə, enerji içkilərinin tərkibində əsasən yüksək dozada kofein, şəkər, süni dadlandırıcılar və stimullaşdırıcı maddələr yer alır. Bu komponentlər sinir sistemini süni şəkildə aktivləşdirir və müvəqqəti gümrahlıq yaradır.
Həkimlər bildirir ki, bu təsir qısaömürlüdür və uzunmüddətli istifadədə orqanizmin öz enerji istehsal mexanizmi zəifləyir.
Uzunmüddətli istifadə zamanı qan təzyiqinin yüksəlməsi, ürək ritminin pozulması, yuxusuzluq və psixoloji gərginlik halları daha çox müşahidə olunur. Həkimlər qeyd edir ki, enerji içkiləri sağlam həyat tərzi və düzgün qidalanma prinsipləri ilə uyğun gəlmir.
Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” və “Pit bull”, “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.