Enerji içkiləri adətən yorğunluğu aradan qaldırmaq və tonusu artırmaq məqsədilə qəbul edilir. Ancaq geniş yayılmalarına baxmayaraq, bu içkilər ciddi sağlamlıq problemlərinə yol aça bilər və müəyyən hallarda ölüm hadisələri ilə bağlılığı müəyyən edilmişdir.
Yurd.Media xəbər verir ki, ABŞ Milli Sağlamlıq İnstitutunun məlumatlarına əsasən, enerji içkilərinin başlıca istehlakçıları 18-34 yaş arasındakı kişilərdir.
Həmçinin, 12-17 yaş aralığındakı yeniyetmələrin təqribən üçdə bir hissəsi bu içkiləri daimi şəkildə qəbul edir.
Enerji içkilərinin istehlakının mənfi təsirləri:
Çox miqdarda kofein qəbulu sürətli ürək döyüntüsü, ekstrasistollar (ürəyin qəfil yığılması), əllərdə titrəmə, mədə pozğunluğu və hətta qusma kimi narahatedici simptomlara gətirib çıxara bilər. Bu içkilərdəki yüksək şəkər tərkibi piylənmə, 2-ci tip diabet və başqa xəstəliklərə tutulma ehtimalını artırır.
Enerji içkilərinin spirtli içkilərlə birgə qəbulu xüsusi təhlükə mənbəyidir. Araşdırmalar sübut edir ki, bu iki içkini birlikdə istifadə edən şəxslər daha çox alkoqol qəbuluna meyilli olurlar, belə ki, enerji içkiləri sərxoşluq əlamətlərini maskalaya bilir. Uşaqlar və yeniyetmələr üçün isə nəticələr daha ağır ola bilər. Enerji içkilərinin qəbulu ürək-damar sisteminə, böyrəklərə, metabolizmə və hətta diş sağlamlığına zərərli təsir göstərir. Eyni zamanda onlar riskli davranış meylini gücləndirə bilərlər.
Enerji içkilərinin ehtimal olunan faydaları:
Bəzi araşdırmalar müəyyən edib ki, enerji içkiləri xüsusilə idmançılarda fiziki dözümlülüyü, reaksiya sürətini və diqqət konsentrasiyasını artıra bilər. Lakin digər tədqiqatlar nəzərəçarpacaq nəticələr ortaya qoymayıb ki, bu da araşdırma metodologiyalarındakı fərqlərlə izah oluna bilər.
Enerji içkilərini nə qədər tez-tez istehlak etmək olar?
Mümkün üstünlüklərinə baxmayaraq, enerji içkilərinin zərərli təsirləri onların faydasından xeyli çoxdur. Mütəxəssislər sağlam böyüklərə belə içkilərin istifadəsini minimuma endirməyi məsləhət görür. Ayda bir banka içməyin ciddi zərər verməsi ehtimalı azdır, lakin mütəmadi istehlak qətiyyən tövsiyə olunmur.
Enerji içkiləri kimə kontrendikedir:
uşaqlar və yeniyetmələr;
hamilə və süd verən qadınlar;
ürək, böyrək və ya digər orqanların xroniki xəstəliklərindən əziyyət çəkən şəxslər;
antidepresanlar kimi dərman preparatları qəbul edənlər.
Enerji içkilərinin həddən artıq istifadəsi ölümlə nəticələnə bilər və bu cür hadisələr dünyanın müxtəlif ölkələrində qeydə alınmışdır.
Enerji içkilərinə alternativ variantlar:
Təhlükəsiz üsullarla enerji qazanmaq istəyənlər üçün daha sağlam seçimlər mövcuddur:
qəhvə (gündəlik norma 4 fincandan artıq olmamalıdır);
qara çay (gündə 8 stəkandan çox içilməməlidir);
yaşıl çay (gündə 14 stəkandan artıq olmamaq şərti ilə). Gün ərzində enerjinizi bərpa etmək üçün 20-30 dəqiqəlik qısa mürgüləmə də effektiv üsul ola bilər.
Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” və “Pit bull”, “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.