Bəzən insanlar diş yuyandan sonra ağız selikli qişasının iltihabı, şişkinlik və hətta ağızda kiçik yaralar əmələ gəlməsi barədə şikayətlər edirlər.
Bu səbəbdən Yurd.Media diş pastasına allergik reaksiyanın olub-olmadığını, bunun necə özünü göstərdiyini və diş və diş ətinin düzgün və xoşagəlməz nəticələr olmadan necə qulluq edilməsini öyrənibməyə qərar verib.
Stomatoloq Nicat Həsənov bildirib ki, diş pastasının tərkibindəki komponentlərə allergiya doğrudan da mümkündür, lakin nisbətən nadir hallarda rast gəlinir:
"Diş pastaları, istənilən kosmetik və gigiyenik vasitələr kimi, təhlükəsizlik və keyfiyyət standartlarına uyğunluq üzrə ciddi nəzarətdən keçir. Lakin ən keyfiyyətli məhsul belə allergik reaksiya verə bilər - çünki hipoallergenlik nisbi anlayışdır: əksəriyyət üçün təhlükəsiz olan şey həssas insanda gözlənilməz reaksiya yarada bilər".
Həkim diş pastasının tərkibində ən çox rast gəlinən potensial allergenləri də açıqlayıb:
- Ətirləndiricilər (xüsusilə süni)
- Efir yağları (nanə, darçın, evkalipt və s.)
- Parabenlar (konservantlar)
- Ftor (həssas insanlarda yüksək konsentrasiyada)
- Antiseptiklər (məsələn, triklosan)
- Köpükləndirici maddələr (çox vaxt natrium laurilsulfat - SLS)
- Rəngləyicilər
Bəs, diş pastasına allergiyaya hansı əlamətlər işarə edə bilər?
N.Həsənov qeyd edir ki, bu, ağız selikli qişasının qaşınması, yanması, quruluğu, qızarması, "yaraların" əmələ gəlməsi, dodaq və ya dilin şişməsi, bəzi hallarda isə ağız ətrafında dəri reaksiyaları ola bilər.
"Belə hallarda, əlbəttə, diş pastasından istifadəni dayandırmaq lazımdır. Mütəxəssislərə müraciət edin: stomatoloq, allerqoloq. Ağız selikli qişası tərəfindən simptomları yüngülləşdirmək üçün stomatoloq yerli müalicə, lazım olduqda antihistamin preparatlar təyin edəcək. Allerqoloq isə öz növbəsində allergiya testlərini təyin edərək səbəbkar komponenti müəyyənləşdirməyə kömək edəcək".
Həkim xəbərdarlıq edir ki, daha bir vacib məsləhət potensial allergenləri olan ağız boşluğu üçün istifadə edilən digər vasitələri (qarqara məhlulları, dodaq balzamları və s.) istifadədən çıxarın.
Allergiya olan halda dişləri pasta ilə deyil adi soda ilə təmizləmək fikrinə isə stomatoloq bildirib ki, pastanın soda ilə əvəz edilməsi tövsiyə olunmur:
"Soda özü ağız selikli qişasının qıcıqlanmasına, hətta yanıqlara səbəb ola bilər. Bundan əlavə, o diş mınasına zərər verə, onu cıza bilər. Ən yaxşısı "ətirsiz" və ya "hipoallergen" işarəsi olan pastaları axtarın - belə vasitələr çox vaxt həssas pasiyentlər üçün istehsal olunur".