ABŞ Qida və Dərman Administrasiyası (FDA) kosmetik prosedurlar zamanı tətbiq olunan lidokain tərkibli ağrıkəsici vasitələrin qıcolmalara və ürək fəaliyyətinin pozulmasına gətirib çıxara biləcəyini vurğulayır.
Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, bu məlumat FDA tərəfindən rəsmi şəkildə açıqlanıb.
Lidokain ehtiva edən kremlər, gellər, spreylər və sabunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsinq kimi kosmetoloji müdaxilələr zamanı yerli anesteziya vasitəsi olaraq satışa təqdim edilir. Tərkibində lidokainin konsentrasiyası 4%-i aşan preparatlar ürək ritminin pozulmasına, qıcolmalara və nəfəs almada çətinliklərə səbəb ola bilər. Bundan əlavə, bu cür vasitələr insanın qəbul etdiyi digər dərman preparatları və ya əlavələrlə qarşılıqlı reaksiyaya girə bilər. Həmin məhsulların dərinin geniş sahələrinə və ya zədələnmiş nahiyələrə çəkilməsi, eləcə də anesteziklərin plyonka altında və ya uzun müddət ərzində saxlanması xüsusi təhlükə daşıyır.
"Bu məhsullar istehlakçılar üçün qəbuledilməz risk təşkil edir və satışda olmamalıdır", – FDA öz açıqlamasında vurğulayıb.