Mütəxəssislər erkən yaşlarda meydana gələn ünsiyyət çətinliklərinin autizmin başlanğıc əlamətlərindən biri ola biləcəyini açıqlayıb. Onlar valideynləri bu cür dəyişiklikləri diqqətlə izləməyə çağırıb.
Yurd.Media xəbər verir ki, körpə və erkən uşaqlıq dövründə üzə çıxan ünsiyyət problemləri ciddi inkişaf fərqliliklərinin işarəsi ola bilər. Mütəxəssislərə görə, bu əlamətlər xüsusilə autizm spektri ilə əlaqədar hallarda daha açıq şəkildə müşahidə edilir.
Uşaq və yeniyetmə psixiatriyası sahəsində mütəxəssislər bildirirlər ki, autizm erkən uşaqlıq mərhələsində ortaya çıxan neyroinkişaf fərqliliyidir, əsas etibarilə ünsiyyət və sosial qarşılıqlı əlaqədəki çətinliklərlə xarakterizə olunur.
Mütəxəssislərin bildirdiyinə görə, uşağın göz təması yaratmaması, adı çəkildikdə cavab verməməsi, həmyaşıdları ilə əlaqəyə girməkdən çəkinməsi və nitqin gecikməsi kimi hallar nəzərdən qaçırılmamalıdır. Bu əlamətlər xüsusilə uşağın həyatının ilk üç ilində daha aydın şəkildə özünü büruzə verir.
Həkimlər valideynlərə məsləhət görür ki, uşaqlarında davranış fərqlilikləri aşkar etdikləri təqdirdə vaxt itirmədən ixtisaslı mütəxəssisə müraciət etsinlər.