Gündəlik yaşantımızda ən sadə ağrılarda belə ağrıkəsici dərmanlara müraciət etmək artıq vərdişə çevrilib. Lakin aparılan tədqiqatlar sübut edir ki, asanlıqla əldə edilən, reseptsiz satışa çıxarılan bu preparatlar ağrını qısa müddətdə aradan qaldırsa da, insan bədəninə təsirsiz ötüşmür. Faydadan daha çox zərər verən ağrıkəsicilərin mütəxəssis təyinatı olmadan istifadəsi də doğru yanaşma sayılmır. Sakitləşdirici effekt göstərərək ağrını müvəqqəti olaraq aradan qaldıran bu dərmanlar eyni zamanda müxtəlif xəstəliklərin yaranmasına səbəb olmaq potensialına da sahibdir.
Yurd.Media xəbər verir ki, həkim-terapevtlər əczaçıların məsləhət gördüyü ağrıkəsicilərin istifadəsini düzgün hesab etmirlər:
"Keyfiyyətli preparatı həkim təyin edir və xəstə gedib onu alır. Səbəbi odur ki, aptekdəki bəzi dərmanlar aylarla satılmadan qalır və əczaçı həmin preparatlardan qurtulmaq istəyir. Bu səbəbdən keyfiyyətli olub-olmadığına baxmadan onları müştəriyə təqdim edib satırlar. Həkimin müayinəsi olmadan ağrıkəsici preparatlardan istifadə etmək düzgün deyil. Çünki ehtimal var ki, xəstənin ağrıları nevrogen mənşəli olsun və belə dərmanların qəbulu nəticəsində ağrılar daha da şiddətlənə bilər".
Mütəxəssisinlərin fikrincə, əgər xəstədəki ağrılar somatik xarakterli olub, yəni hər hansı travma nəticəsində meydana gəlibsə, bu halda ağrıkəsici qəbulu yerindədir:
"Amma bu vəziyyətdə də doza həddini aşmaq olmaz. Bu gün insan orqanizmində fəsadlar yaradan dərmanlar məhz ağrıkəsici preparatlardır".