101 yaşını qeyd edən dietoloq, professor Con Şarffenberq uzunömürlülüyünün sirrini bölüşüb. Hazırda avtomobil idarə edən, hətta naviqatorsuz hərəkət edən amerikalı həkim hələ də mühazirələr oxuyur və aktiv həyat tərzi ilə fərqlənir.
Yurd.Media xəbər verir ki, professor "YouTube" platformasında çıxışı zamanı bildirib ki, ürək-damar xəstəlikləri bir çox ölkələrdə erkən ölümün əsas səbəblərindən biridir, lakin düzgün həyat tərzi ilə bu risk dərmansız da azaldıla bilər.
O qeyd edib ki, heç vaxt siqaret çəkməyib. Vaxtilə kişilər üçün gündə iki, qadınlar üçün isə bir stəkan içki “təhlükəsiz doza” hesab olunsa da, müasir elmi araşdırmalar belə bir dozanın mövcud olmadığını sübut edib.
“Alkoqol istənilən halda sağlamlıq üçün risk yaradır. Qadınlar isə bu barədə xüsusilə məlumatlı olmalıdırlar, çünki alkoqol süd vəzisi xərçəngi ilə əlaqələndirilir”, – deyə Şarffenberq bildirib.
Professorun fikrincə, düzgün qidalanma vacib olsa da, gündəlik fiziki aktivlik daha önəmlidir:
“Əgər piylənmədən əziyyət çəkirsinizsə, lakin hər gün idmanla məşğul olursunuzsa, bu sizə daha uzun ömür bəxş edə bilər”, – deyə o bildirib. Onun sözlərinə görə, artıq çəkili, lakin aktiv insan, arıq, lakin hərəkətsiz insandan daha çox yaşaya bilər.
Professor vurğulayıb ki, xüsusilə 40 yaşdan sonra müntəzəm və orta səviyyəli fiziki hərəkətlər həyati əhəmiyyət daşıyır. Bu yaşdan sonra insanın necə həyat tərzi keçirməsi onun uzunömürlü olub-olmayacağını müəyyən edir. Əgər insan 40 yaşında özünü yaxşı hiss edir, zərərli vərdişlərdən uzaqdır və kifayət qədər hərəkət edirsə, uzun ömür sürmək üçün şansı yüksəkdir.
“Amma təəssüf ki, çoxları bu yaşda rahatlanır – daha çox qazandığı üçün daha çox yeyir, tənbəlləşir,” – deyə Şarffenberq əlavə edib.
Uzun illərdir əsasən bitki mənşəli qidalarla qidalanan həkim demək olar ki, ət yemir, ancaq süd və yumurta qəbul edir. Onun sevimli qidaları arasında meyvələr və qoz-fındıq xüsusi yer tutur.