SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Zəngəzur dəhlizindən keçəcək dəmiryolu xəttinin təməli qoyulub

Zəngəzur dəhlizindən keçəcək dəmiryolu xəttinin təməli qoyulub

  • 22 avqust 2025, 13:28

İğdır şəhərində Zəngəzur dəhlizinin bir hissəsi olan Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməli qoyulub.

Yurd.Media xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu təməlqoyma mərasimində çıxışı zamanı Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin Cənubi Qafqazda diplomatik münasibətlərin normallaşdırılmasını sürətləndirəcəyini bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi geosiyasi və geostrateji əhəmiyyətə malikdir:

"Bu yol regional və qlobal ticarətə də böyük töhfə verəcək. Layihə Türkiyənin vasitəçilik missiyasını və sülhə töhfəsini bir daha sübut edir. Türkiyə qlobal iqtisadiyyatın gələcəyini düşünən bir baxış ortaya qoyur. Qars bu xəttin dəmirdən qapısı olacaq, İğdır qlobal ticarət məkanına çevriləcək, Aralık və Dilucu isə Zəngəzur dəhlizinin açarı olacaq”.

Nazir bildirib ki, Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttindən daha çox beynəlxalq arenada səs salacaq birliyin, rifahın və sülhün yoludur:

"Bu yol Cənubi Qafqazda iqtisadi əməkdaşlığı artıracaq sərhədlərin açılmasını və diplomatik münasibətlərin normallaşmasını sürətləndirəcək".

Qeyd edək ki, layihə üçün Türkiyə Xəzinə və Maliyyə Nazirliyi tərəfindən görülən işlər nəticəsində 2,4 milyard avro məbləğində xarici maliyyələşdirmə təmin edilib. Bu xətt 224 kilometr uzunluğunda, iki xətli, elektrikləşdirilmiş və siqnallaşdırılmış şəkildə inşa ediləcək. Xətt illik 5,5 milyon sərnişin və 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacaq. Layihə çərçivəsində 24 tunel, 10 körpü, 144 alt keçid, 27 üst keçid, 480 suötürücü və s. inşası nəzərdə tutulur.

Xatırladaq ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bir neçə gün əvvəl bu barədə açıqlama verərək sözügedən xəttin Türkiyənin şərqində yük və sərnişin daşımalarını gücləndirəcəyini vurğulayıb. O, yolun həm Türkiyənin logistika imkanlarını artıracağını, həm də Asiyaya uzanan ticarət yollarında ölkənin təhlükəsizlik adası olaraq geostrateji mövqeyini möhkəmləndirəcəyini bildirib.

Prime Leasing