Azərbaycanda sosial şəbəkələr günü-gündən populyarlığını artırır, insanlar artıq gündəlik xəbərləri, aktual məlumatları və ictimai müzakirələri daha çox sosial media platformalarından izləyirlər. Bu tendensiya medianın rəqəmsal transformasiyasını sürətləndirməklə yanaşı, sosial media hesablarının aktivliyini də ön plana çıxarır.
Azərbaycanın bölgə xəbərlərinə fokuslanan Yurd.Media fəaliyyətinin ilk günündən bütün sosial media hesablarının aktivləşdirilməsini əsas məqsədlərdən biri kimi qarşıya qoyub.
Artıq həyata keçirilən fəaliyyət real nəticələrə, uğurlara səbəb olur. Yurd.Media-nın TikTok platformasında paylaşdığı bir video cəmi 24 saatdan az müddətdə 1 milyondan çox baxış toplayaraq, istifadəçilər arasında böyük maraq doğurub.
Sözügedən video Xaçmaz rayonunda minik avtomobilinin suvarma kanalına düşməsi anını əks etdirir.
Qısa zamanda bu nəticəni əldə etməsi Yurd.Media-nın bölgə həyatına dair vizual məzmunlarının geniş auditoriya üçün maraqlı olduğunu təsdiqləyir. İzləyicilər videoya on minlərlə bəyənmə və yüzlərlə şərhlə reaksiya verib, bir çoxu videonu paylaşaraq daha çox insana çatdırıb.
Bu uğur Yurd.Media-nın rəqəmsal mediada aktivliyinin artdığını və bölgələrdən xəbər yayımında yeni mərhələyə qədəm qoyduğunu göstərir.