Həftəsonu ilə əlaqədar bölgələrə səfərlərin artacağı, bununla da respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin yüksələcəyi gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsindən Yurd.Media-ya bildirilib ki, bu isə bütün yol hərəkəti iştirakçılarından daha yüksək diqqət və məsuliyyət tələb edir.
"Sürücülər nəzərə almalıdırlar ki, uzun məsafəli səfər yalnız nəqliyyat vasitəsinin texniki sazlığını deyil, həm də sürücünün fiziki və psixoloji hazırlığını tələb edir. Yorğun, yuxusuz və ya diqqəti yayınmış vəziyyətdə sükan arxasına əyləşmək yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır. Səfər zamanı yol və hava şəraitinə uyğun sürət həddinə riayət edilməsi, ara məsafəsinin qorunması, təhlükəli ötmə və manevrlərdən çəkinilməsi, həmçinin sükan arxasında diqqəti yayındıran amillərdən uzaq durulması təhlükəsiz hərəkətin əsas şərtlərindəndir.
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara da müraciət edərək bildirir ki, avtomobil yollarında yolun müəyyən edilməmiş hissəsindən keçmək, nəqliyyat vasitələrinin sürətini düzgün qiymətləndirmədən hərəkət zolağına çıxmaq, mobil telefondan və digər diqqəti yayındıran vasitələrdən istifadə etmək ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Yolun yalnız müəyyən olunmuş yerlərindən keçilməsi, yolu keçməzdən əvvəl sürücülərlə vizual təmasın yaradılması və hərəkətin təhlükəsiz olduğuna əmin olduqdan sonra yolun keçilməsi həyati əhəmiyyət daşıyır", - məlumatda vurğulanıb.